“Təbriz folklor mühiti” kitabı çapdan çıxıb

“Təbriz folklor mühiti” kitabı çapdan çıxıb

30 May 2023, 10:09 / Nəşrlər

AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə institutun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Maşallahqızının (Abbasova) “Təbriz folklor mühiti” kitabı nəşr olunub. Kitabda ilk olaraq qədim və zəngin mədəniyyətə malik Təbriz şəhərinin tarixi, müxtəlif dövrlərdə siyasi vəziyyəti, iqtisadi-ticarət əlaqələrinin inkişafı və s. haqqında məlumat verilib. Ardıcıl şəkildə Təbriz dialektinin xüsusiyyətləri, Təbriz folklor toplayıcıları da daxil olmaqla xalq ədəbiyyatından atalar sözləri, bayatılar, nağıllar, lətifələr, el mərasimləri və aşıq ədəbiyyatı əsasında elmi-nəzəri araşdırma aparılıb.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən 324 səhifəlik kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, rəyçiləri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər və filologiya elmləri doktoru, dosent Leyla Məmmədova, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı – Süleymanovadır.