XƏBƏRLƏR
Qazaxıstanlı alimlər Folklor İnstitutunda olublar
30 may 2023-cü il tarixində Qazaxıstanın Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Jumaşay Rakış və elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Nazira Sarsek AMEA Folklor İnstitutunda qonaq olublar. İnstitutun baş direktoru, akademik Muxtar İmanov qonaqları səmimi qarşılayaraq, müəssisədə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Folklor İnstitutunun əsas fəaliyyət istiqamətlərindən biri də ayrı-ayrı türk xalqlarının folklorunun öyrənilməsidir və bu istiqamətdə Türk xalqları folkloru şöbəsi fəaliyyət göstərir. Akademik rəhbərlik etdiyi institutun Orta Asiya respublikaları və Qazaxıstanın elm və təhsil müəssisələri ilə əlaqələrindən də bəhs edib.
Qonaqlar Folklor İnstituta gəlişlərinin “Qazax postfolkloru: genezis, semantika və transformasiya” adlı layihə çərçivəsində gerçəkləşdiyini bildiriblər. Sözügedən layihənin rəhbəri Jumaşay Rakış təmsil etdikləri institut barədə bilgi verərək, Azərbaycandakı elmi qurumlarla, eləcə də Folklor İnstitutu ilə tanışlığın və qarşılıqlı əlaqələrin qurulmasının böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüşdə Folklor İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova və AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyev də iştirak ediblər.
Görüşdən sonra qonaqlar institutun Müasir folklor şöbəsində də olub, şöbənin fəaliyyət prinsipi və gördüyü işlərlə tanışlıq imkanı əldə ediblər.