XƏBƏRLƏR

Folklorşünas-alim: Su çərşənbəsi durulaşma, şəffaflaşma bayramıdır
Qışın son ayı olan və el arasında Boz ay kimi tanınan bu ayda keçirilən ilaxır çərşənbələrin birincisi Əzəl çərşənbədir. Tədqiqatçılar Əzəl çərşənbəni dörd müqəddəs ünsürdən biri olan suyun adı ilə bağlayırlar. Məlumdur ki, həyatverici dörd müqəddəs ünsürün – Su, Od, Torpaq və Havanın canına istilik keçib oyanması (dirilməsi) ilə təbiət, bir sözlə, külli-aləm cana gəlir, həyat yenidən dirilik tapır və bununla təbiətə, kainata təbiətin oyanış fəsli olan yaz gəlir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev söyləyib.
Dosent Ş.Albalıyev qeyd edib ki, insanlar qışın öldürücü şaxtasından, soyuğundan qurtulmağın şərəfinə hər çərşənbədə bu həyat ünsürünün birini əzizləyir, müxtəlif ayinlər, inanclar vasitəsilə bu oyanış stixiyalarının ruhunu oxşayırlar. Bu baxımdan mifik düşüncədə bu oyanış ünsürləri ilə bağlı ayrı-ayrı şəkillərdə mifik əhvalatların yer alması da təbiidir. Misal üçün, “Suyun nəsihəti” mifik mətnində ulusu yerlə-yeksan edilmiş, elçisi öldürülmüş Qara xan öyrənir ki, düşmən qaraların yüz il yaxşılıq etdiyi, torpağında qonaq saxladığı, duz-çörəyini verdiyi gəlmələr imiş. Qəhər Qara xanı boğur, dərdini suya danışır, gözündən bir damcı yaş çaya düşür. “Qara çay əvvəlcə kükrədi, bulandı. Qıjıltıyla axdı, sonra da dayandı. Su Qara xana hayqırdı:
– Xanlar xanı, ulusa toxtaqlıq ver. Ölənlərin ruhu şad olsun. Qalanları Su tanrım qorusun. Göz yaşını qurudub ayağa qalxmaq, məkri açmaq gərəkdir. Qalx ayağa, ulusa qayıt. Mənim nəsihətimi ulusa çatdır. İgidlərinə söylə ki, özlərinə ağıllı sərkərdə seçsinlər, başçılarına daş atmasınlar, onun dövrəsində möhkəm birləşsinlər. Dərdlərini bütün dostlarına çatdırsınlar, dost itirməsinlər. Düşmənə sirr verməsinlər, araçılara üz göstərməsinlər. Qaralar möhkəmcə əl-ələ versinlər, el içində düşmən axtarmasınlar.
Bu sözlərdən sonra Qara çay təzədən kükrədi, bulandı və qıjıltıyla axıb getdi. Qara xan ayağa qalxdı, xeyli suyun dalınca baxdı. Toxtaqlıq tapdı. Ulusa qayıtdı. Suyun nəsihətinə əməl etdi. Qaraların başının üstünü alan buludlar topa-topa dağılıb getdi. Şəhidlərin qanı yağının gözünü tutdu. Yağı eli yerlə-yeksan oldu”.
Folklorşünas-alimin fikrincə bu mifik mətndə su ilə bağlı bir çox məqamlara işarə var: “Qara xanın yurduna qəfil hücum edən namərd yağı düşməndən Qara çaya şikayət edilir, gözdən gilələnən bir damla yaş axıb Qara çayın suyuna qarışmaqla sanki insan oğlu ilə çay arasında danışıb-dilləşmə baş tutur. Su (insan oğlunun gözündən yaş şəklində axan su) ilə çayın suyu qarışıb-birləşib dilləşə-anlaşa bilir, insan oğlunun – Qara xanın dərdini, əhvalını anlaya bilir. Çünki mifik-dini təfəkkürdə (eləcə də tibb elmində) su canlıdır, suyun ruhu, yiyəsi-sahibi var və bu məntiqdən də Qara çaydan Qara xana cavab gəlir ki, “Xanlar xanı, ulusa toxtaqlıq ver. Ölənlərin ruhu şad olsun. Qalanları Su Tanrım qorusun!”.
Deməli, su yiyəsi, su ruhu olduğu kimi, Su Tanrısı da mifik təfəkkürdə mövcuddur və Qara çay Qara xanın dərdini-müsibətini Su Tanrısına çatdırır, eyni zamanda, Qara xana öyüd-nəsihətini verir. Bu minvalla su yiyəsinə, Su Tanrısına, bir sözlə, suyun diriliyinə, varlığına həyat ünsürü olmasına – su ruhuna olan inam hissi eli-obanı fəlakətdən xilas edərək Qara xanın ölkəsinə xoşbəxt həyat bəxş edir.
Mifik mətndən gördüyümüz kimi, mifik donda ərz edilən bu hekayətdə real həyat əlamətləri də daşınır. Düşmən obrazı, düşmənin namərdliyi, eləcə də əlin iş-gücdən soyumamağına – zəhmətə, əkib-becərməyə çağırış tipli nəsihətlərin su ruhunun – Qara çayın dilindən verilməsi isə onu göstərir ki, tarixi şüurla mifik düşüncə iç-içə, qovuşuq haldadır. Başqa sözlə, xalq inamını sadəcə mifik donda yaşatmır, bu inamın reallıqda da özünü göstərəcəyini yəqin edir”.
Dosent Şakir Albalıyev qeyd edib ki, Su çərşənbəsi dedikdə, təkcə su ilə bağlı nəğmələr, inanclar, ayinlər deyil, həm də xalq düşüncəsindəki bütün folklorik amillər, o cümlədən mifik səciyyəli rəvayətlər və s. də mərasim zamanı hərəkətə gəlir, dövriyyəyə keçir və stimullaşdırıcı amil kimi insanların davranışlarına, hərəkətlərinə müsbət emosional hisslər aşılayır.
- Su içən adamı qəfil vurmazlar;
- Su içəni danışdırmazlar;
- Su dolu qabda qabağına çıxsalar, işin avand olar;
- Yuxuda su görmək aydınlıqdır.
Bu cür deyim və inanc nümunələrimizdə su ilə bağlı ülvi, müqəddəs görüşlər ifadəsini tapdığı kimi, su çərşənbəsində mərasimi akt olaraq insanlar su üstündən atlanar, təzə suda yuyunmaqla günahlarının, xəstəliklərinin geridə qalacağına, keçib gedəcəyinə etiqad bəsləyərlər. Mərasim iştirakçıları bir daha günah işlər tutmayacağına, yaxşı əməllər görəcəyinə ürəklərində söz verib, şəffaf su kimi durulacaqlarına ümid bəsləyər, Su çərşənbəsində arzu və amallarının doğrulacağına inanarlar.