XƏBƏRLƏR

Əməkdaşımız Azərbaycan Radiosuna müsahibə verib
Yanvarın 25-də AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu Azərbaycan Radiosunun “Gəl, səhərim” proqramına Aşıq Şakir haqqında müsahibə verib. Müsahibədə bildirilib ki, Aşıq Şakir Hacıyev XX yüzil Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələrindəndir. Onun ustadı məşhur aşıq Mirzə Bilal, eyni zamanda XX yüzil Azərbaycan xanəndəlik sənətinin tanınmış nümayəndələrindən biri Mirzə Məhəmmədhəsən, habelə XX yüzil Azərbaycan zurna-balaban məktəbinin yaradıcısı Kalvalı Əli Dədənin birgə fəaliyyəti nəinki Şirvan aşıq məktəbinin, ümumiyyətlə, Azərbaycan mədəniyyətinin inkişafında ayrıca bir səhifədir: “Aşıq Şakir məhz həmin mühitdə yetişib, boy atıb, öz yaradıcılığını yüksək dərəcədə inkişaf etdirə bilib. Onun yaradıcılığında poetik qabiliyyəti ilə aşıqlığı yanaşı inkişaf edib. Sevindiricidir ki, Aşıq Şakirin bənzərsiz ifaları günümüzə gəlib çatıb. Bu kimi irslərin sabahdaşlarımıza çatdırılması, inkişaf etdirilməsi, ifadəsi yönündə ardıcıl çalışmalar olmalıdır. Aşıq Şakirin irsi aşıq sənətinin təsdiqi baxımından sabahımız üçün gözəl bir örnəkdir, ərməğandır”, – deyə əməkdaşımız vurğulayıb.