Folklor İnstitutunda Azərbaycan aşıqlarının milli geyim formalarının müəyyənləşdirilməsi ilə bağlı növbəti müzakirə keçirilib

Folklor İnstitutunda Azərbaycan aşıqlarının milli geyim formalarının müəyyənləşdirilməsi ilə bağlı növbəti müzakirə keçirilib

08 İyun 2023, 09:49 / Konfranslar, İclaslar

8 iyun 2023-cü il tarixində AMEA Folklor İnstitutunda Azərbaycan aşıqlarının milli geyim formalarının müəyyən edilməsi ilə bağlı növbəti müzakirə keçirilib. Müzakirədə Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov, Azərbaycan Rəssamlar İttifaqının Tənqid və sənətşünaslıq bölməsinin sədri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, Ərdəbil əsilli rəssam, heykəltəraş və musiqiçi Vədud Müəzzin, güneyli aşıq, “Dalğa” musiqi qrupunun yaradıcısı və rəhbəri Aşıq Çingiz Mehdipur və Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova iştirak ediblər. Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov müzakirə olunan məsələ ilə bağlı bildirib ki, Azərbaycan aşıq sənəti dərin tarixi köklərə malikdir. Bu sənətin özünəməxsus xüsusiyyətlərindən biri də geyim formasıdır. Lakin müasir dövrümüzdə qədim xalq musiqi ənənələrinin qabaqcıl daşıyıcıları olan aşıqlarımızın səhnə geyimlərində olan pərakəndəlik aradan qaldırılmalıdır. Aşıq sənətinin qorunub saxlanılması və təbliğ olunaraq gələcək nəsillərə çatdırılması üçün kişi və qadın aşıqlarımızın milli geyim formalarının müəyyənləşdirilməsi çox önəmli məsələdir. Akademik vurğulayıb ki, bu geyimlər hazırlanarkən milliliyə üstünlük verilməli, otaylı-bu taylı Azərbaycan aşıqları üçün vahid geyim forması seçilməlidir.


Müzakirədə qonaq qismində iştirak edən sən.ü.f.d. Ziyadxan Əliyev, rəssam və musiqiçi Vədud Müəzzin və Aşıq Çingiz Mehdipur mövzu ətrafında fikir mübadiləsi apararaq, müasir aşıqların geyim formaları ilə bağlı öz fikirlərini bildiriblər. Müzakirənin sonunda peşəkar rəssamların fikirləri də nəzərə alınmaqla Azərbaycanın kişi və qadın aşıqları üçün səhnə geyim eskizlərinin hazırlanması qərara alınıb. Bildirilib ki, geyim xalqın özünəməxsus xüsusiyyətlərini əks etdirən mühüm bir vasitə olduğuna görə aşıq geyimlərimizdə də milli kolorit qorunub saxlanılmalı, sadəliyə üstünlük verilməli, xalqın psixologiyasına uyğun rənglər seçilməlidir. Bu geyimlər yaş məhdudiyyəti nəzərə alınmadan elə hazırlanmalıdır ki, bütün yaş qruplarından olan aşıqlar geyinə bilsin və onların səhnədəki sərbəstliyinə maneə yaratmasın.