XƏBƏRLƏR
Əməkdaşımız “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın təqdimat mərasimində çıxış edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Azərbaycan gəncliyi və Yaşıl dünya naminə həmrəylik ili: ekoloji problemlər, süni intellekt və fəlsəfə” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə AMEA Folklor İnstitutunun Mifologiya şöbәsinin aparıcı elmi işçisi, filologiya üzrә fәlsәfә doktoru, dosent Elçin Qaliboğlu folklorumuzda təbiət-insan problemi ilə bağlı çıxış edib. Vurğulanıb ki, təbiətin obrazlı desək, dili var; yəni təbiətin də insan kimi hiddəti var, həsrəti var, kədəri var, sevinci var. Bu gün dünyanın hər yerində görünən ekoloji fəlakət artıq ciddi problem kimi diqqəti çəkir. Bunu təbiətin insana olan hiddətinin ifadəsi kimi də anlamaq olar. Bu torpaqlarda əzəldən var olmuşuq, təbiətə münasibətimizin bənzərsizliyi – ilahiliyi fitrətimizin qeyri-adiliyindən olub.
E.Qaliboğlu insan-təbiət münasibətlərinin əcdaddan üzü bəri fitri olaraq yaşadıldığını, bu gün də ruhumuzda böyük bir potensiya kimi qorunduğunu bildirib. Təbiətin bundan sonra yaşadılması insan üçün təkcə sağlıq məsələsi deyil, ilk növbədə onun mənəvi zənginliyinin, ümumən varlığının – sabahının hər mənada təsdiqi demək olacaq. Azərbaycan folklorunda təbiətə yönəlik saysız örnəklər xəlqi ruhumuzun yenilməzliyinin göstəricisidir.