Folklor İnstitutunun alimləri “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda məruzə ediblər

Folklor İnstitutunun alimləri “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda məruzə ediblər

18 Dekabr 2024, 15:53 / Konfranslar, İclaslar

Dekabrın 17-də AMEA-nın Rəyasət Heyətində “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının (AASSA) prezidenti professor Əhməd Nuri Yurdusev, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Abuzər Bağırov, Pakistan Ədəbiyyat Akademiyasının prezidenti professor Najeeba Arif, Çin Sosial Elmlər Akademiyasının Ədəbiyyat Tədqiqatları İnstitutunun direktor əvəzi professor Lu Yusong, Vyetnamın Hanoy Universitetinin əməkdaşı Nguyen Van Çien, Özbəkistanın Fərqanə Dövlət Universitetinin Ədəbiyyatşünaslıq kafedrasının müdiri professor Mənzurə Jurayeva, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Folklor İnstitutunun nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Konfransda AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Ramazan Qafarlı “Kitabi-Dədə Qorqud”da zaman, məkan və kəmiyyət vəhdəti (xronotoplar və  uzunluq toposları)” və Müasir folklor şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Füzuli Bayat “Koroğlu: mifik qəhrəmandan haqq arayan epik qəhrəmana” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirdə, həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Abuzər Bağırovun “İqor Polku” dastanı haqqında söz: əfsanə və reallıqlar”, Özbəkistan Milli Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru İnstitutundan dos. Dr. Gülnaz Sattarovanın “Özbək dastançılıq ənənələri və müasir dövr”, Abay Qazax Milli Pedaqoji Universitetindən Zhanakul Sametovanın “Qazax epos yaradıcılığı” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənlinin “Çingiz Aytmatov yaradıcılığında epos motivləri” mövzularında məruzələri də dinlənilib.

www.science.az