“Azsaylı xalqların folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

“Azsaylı xalqların folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

17 Dekabr 2024, 15:00 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azsaylı xalqların folkloru” seriyasından VI kitab çapdan çıxıb. Kitabda təqdim olunan folklor örnəkləri Elmin İnkişafı Fondunun (indiki Azərbaycan Elm Fondunun) maliyyə dəstəyi ilə 2017-2018-ci illərdə həyata keçirilən “Folklorda azərbaycançılıq və multikulturalizm” layihəsi çərçivəsində toplanılıb. Layihədə əsas məqsəd azərbaycançılıq və multikulturalizmin folklor qaynaqlarını müəyyənləşdirmək, Azərbaycanda yaşayan xalqları birləşdirən ortaq mədəni dəyərləri tapıb üzə çıxartmaq idi. Bu məqsədlə Zaqatala, Balakən, Quba, Qusar, Lənkəran və Masallı rayonlarına ezamiyyələr təşkil olunub, həmin rayonlarda məskunlaşmış azsaylı xalqların nümayəndələri ilə görüşlər keçirilib. Layihənin icrası nəticəsində müəyyən edilib ki, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan xalqları birləşdirən əsas amillər ortaq vətən, ortaq dil, ortaq tarix və ortaq mədəniyyət anlayışıdır. Bu anlayışlar həm də azərbaycançılıq məfkurəsinin əsasını təşkil edən elementlərdir. Azərbaycanda yaşayan xalqların hər birinin ortaq bir vətəni vardır, bu da Azərbaycan Respublikasıdır. Azərbaycan ərazisində yaşayan hər bir xalq bu ölkəni özünün doğma vətəni saymış, onun inkişafı üçün çalışmış, onun uğrunda vuruşmuş və şəhid vermişdir. Azərbaycan ərazisində yaşayan xalqların hər birinin öz dili olsa da, onları birləşdirən ümumi bir dil vardır, o da Azərbaycan dilidir. Azərbaycan dilinin dünyanın inkişaf etmiş dillərindən biri olması, bu dildə bədii, elmi və publisistik əsərlər ərsəyə gətirmək imkanı onun birləşdirici amil olmasında mühüm rol oynayıb. Bu xalqlar Azərbaycan dilini öz doğma dilləri qədər mənimsəmiş, bu dildə yazıb-yaratmış, gözəl əsərlər ərsəyə gətirmişlər.

Kitaba saxur, avar, talış və ləzgilərdən toplanmış ortaq mədəni dəyərlərimizi əks etdirən folklor örnəkləri daxil edilib. Kitabda təqdim olunan materialların toplayıcıları dosentlər İlkin Rüstəmzadə, Afaq Ramazanova, Qalib Sayılov, Mətanət Yaqubqızı və Ləman Vaqifqızıdır. 330 səhifə həcmində olan kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.