XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşları Kalvalı Əli Dədəyə həsr olunmuş tədbirdə çıxış ediblər
Dekabrın 14-də Ağsu Rayon İcra Hakimiyyətinin, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialının təşkilatçılığı, “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin dəstəyi ilə Azərbaycan xalq yaradıcılığının görkəmli nümayəndəsi, ustad zurna-balaban ifaçısı Əli Kərimovun (Kalvalı Əli Dədə) 150 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Aşıq yaradıcılığı şöbəsinin müdiri, fil.ü.f.d. Elxan Məmmədli çıxışında Əli Kərimovun ilk dəfə zil tembrli zurnanı peşəkar kamera alətinə çevirməsindən bəhs edib, ustad sənətkarın “Şur”, “Humayun”, “Cahargah”, “Mahur”, “Bayatı Şiraz”, “Rahab”, “Zabul”, Rakki-Hindi” və s. kimi muğamları məharətlə ifa etdiyini vurğulayıb.
Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu isə çıxışında Azərbaycanın böyük musiqi biliciləri – Ü.Hacıbəyli, C.Qaryağdıoğlu, Bülbül, İ.Abdullayev və başqalarının Əli Kərimovun sənətinə yüksək qiymət verdiklərini bildirib, balaban sənətindəki çalğılarına bərabəri olmayan ustadın “Koroğlu” havasının “Aşıq Koroğlu”, “Yumma Koroğlu”, “Yekbə Koroğlu”, “Cığatay Koroğlu” havalarını ustalıqla ifa etməsindən danışıb. Eyni zamanda, natiq Əli Kərimovun müharibədən sonra bütün dövlət tədbirlərində yaxından iştirak etdiyini, “Rəşadətli əməyə görə” medalı, “Şərəf nişanı” ordeni və bir sıra müxtəlif təltif və mükafatlara layiq görüldüyünü diqqətə çatdırıb.
Daha sonra “Müəllif hüquqları uğrunda” İctimai Birliyinin sifarişi ilə çəkilmiş “Kalvalı Əli Dədə” filmi nümayiş etdirilib. Türkiyədə çap olunmuş “Kalvalı Ali Dede –150” kitabı, eləcə də yubilyarın “Qızıl Fond”da qorunan havalarından ibarət diski tədbir iştirakçılarına təqdim edilib.