XƏBƏRLƏR
“Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransı keçirilib
12 iyun 2023-cü il tarixində Tərtər şəhərində Tərtər Rayon İcra Hakimiyyəti və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli ictimai xadim, ədəbiyyatşünas, yazıçı-publisist Firidun bəy Köçərlinin anadan olmasının 160 illik yubileyinə həsr olunmuş “Firidun bəy Köçərli və Qarabağ ədəbi-mədəni mühiti” mövzusunda respublika elmi konfransı keçirilib.
Tərtər Rayon İcra Hakimiyyəti binasının akt zalında keçirilən tədbirdə AMEA Folklor İnstitutunun nümayəndələri, rayon idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, rayon ziyalıları iştirak ediblər. Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı Tərtər Rayon icra başçısı Müstəqim Məmmədov açaraq, tədbir iştirakçılarını salamlayıb. Çıxışına Ümummilli Lider Heydər Əliyevin Tərtər rayonu haqqında sözləri ilə başlayan icra başçısı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Ulu Öndərin 100 illik yubileyi münasibəti ilə 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Ümummilli Lider Heydər Əliyev mədəni irsimizə, tariximizə hər zaman çox böyük həssaslıqla, diqqət və qayğı ilə yanaşıb və bugünkü tədbir də Ulu Öndərin qoyduğu ənənələrə söykənir və xalqımızın dəyərlərinə, o dəyərləri qorumaqla örnək yaratmış böyük şəxsiyyət Firidun bəy Köçərliyə dərin ehtiramımızın ifadəsidir. İcra başçısı bildirib ki, tərəqqipərvər elm və ədəbiyyat xadimi Firidin bəy Köçərli maarifçi, pedaqoq, metodist, ədəbiyyatşünas, publisist kimi çox böyük xidmətlər göstərərək, çoxcəhətli zəngin fəaliyyəti ilə ictimai-mədəni fikrin təşəkkülünə mühüm töhfələr verib.
Rayon rəhbərindən sonra AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar İmanov çıxış edərək konfransın keçirilməsinin məqsədindən danışıb. Qeyd edib ki, Firidun bəy Köçərli Azərbaycan humanitar fikrinin inkişafında, onun ideya və istiqamətlərinin müəyyənləşməsində danılmaz rolu olan böyük tənqidçi, ədəbiyyatşünas alim və pedaqoqdur. Akademik, Firidun bəy Köçərlinin Azərbaycan mədəniyyətşünaslığındakı rolundan söz açaraq bildirib ki, o, ilk Azərbaycan ədəbiyyatı tarixinin yazılmasında, uşaq ədəbiyyatının təməlinin qoyulmasında, ədəbi-tənqidi fikrin formalaşmasında mühüm addımlar atıb. Dövrünün ədəbiyyatı ilə sistemli şəkildə məşğul olan və ədəbi proseslərə yön verən Firidun bəy Köçərlinin fəaliyyətində folklorla bağlı olan, hətta bugünün özündə belə əhəmiyyətini itirməyən faktlar mövcuddur.
Konfransın açılış toplantısında AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Firidun bəy Köçərlinin bədii-estetik baxışlar sistemində ədəbi mühit konsepti”, Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı “Azərbaycan uşaq folklorunun toplanması, nəşri və tədqiqi tarixindən: “SMOMPK” toplusunun və Firidun bəy Köçərlinin rolu”, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova “Qarabağın qadın şairlərinin yaradıcılığı ədəbi-ictimai mühit kontekstində”, Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova “Firidun bəy Köçərlinin ictimai-ədəbi fəaliyyətində Qarabağ mövzusu”, Folklor İnstitutunun aparıcı elmi işçiləri – filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova “Qarabağ ədəbi mühiti və aşıq yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosent Qalib Sayılov “Qarabağ aşıq mühiti: Aşıq Abbasqulu” və institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov “Qarabağ nağıllarının süjet özəllikləri və obrazlar sistemi” mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və AMEA Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim ediblər. Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmələrdə görkəmli ictimai xadim Firidun bəy Köçərlinin həyat və fəaliyyətinə həsr olunmuş çoxsaylı məruzələr dinlənilib.