XƏBƏRLƏR

“Sazlı-sözlü kəlağayı günləri” adlı konsert proqramı keçiriləcək
Noyabrın 26-da saat 15:00-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, AMEA Folklor İnstitutunun dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Qurban Abbasov adına Mədəniyyət Sarayında “Kəlağayı Günü”nə həsr olunmuş konsert proqramı keçiriləcək.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapıb. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu il həmin tarixi hadisənin 10 illik yubileyidir. Bu münasibətlə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə 2024-cü ilin əvvəlindən bölgələrimizdə, o cümlədən Naxçıvan MR-da elm və təhsil ocaqlarında “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində festivallar, tədbirlər, sərgilər keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2024-cü il üzrə kiçik qrant müsabiqəsində təşkilatın “Azərbaycan kəlağayılarının təbliği” layihəsi də qalib elan olunub və 3 ay əzində uğurla icra edilib. Qazax, Gəncə, Şamaxı, Şəki, Bakı şəhərlərində layihə çərçivəsində tədbirlər təşkil olunub.
26 noyabr “Kəlağayı Günü”dür, kəlağayı bayramıdır. Bu bayrama hər kəs dəvətlidir. Tədbirə giriş sərbəstdir.