Folklor İnstitutunun alimi 31-ci Muğla Mədəniyyət və İncəsənət Festivalında məruzə ilə çıxış edib

Folklor İnstitutunun alimi 31-ci Muğla Mədəniyyət və İncəsənət Festivalında məruzə ilə çıxış edib

11 Oktyabr 2024, 21:22 / Mühüm hadisələr

4-6 oktyabr 2024-cü il tarixlərində Türkiyənin Muğla Büyükşehir Bələdiyyəsi və Menteşe Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq 31-ci Muğla Mədəniyyət və İncəsənət Festivalı keçirilib. Zəngin proqramı olan festival çərçivəsində konsertlər, sərgilər, teatr tamaşaları, uşaqlar üçün oyun və yarışmalar, incəsənətin müxtəlif sahələri ilə bağlı seminarlar təşkil olunub.

Festivalda AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat da iştirak edib. O, “Muğla bölgəsində yaşayan qədim inancların qalıqları” mövzusunda çıxış edərək, bölgənin zəngin mədəni irsindən və tarix boyu davam edən inancların izlərindən söz açıb.

Qarşılıqlı sual-cavab şəklində davam edən söhbətdən sonra professor kitablarını oxucuları üçün imzalayıb. Sonda festivala verdiyi töhfələrə və iştirakına görə prof. Füzuli Bayata Menteşe Bələdiyyə başçısının müavinləri Merve Fidem Barut və Engin Fırat Ata tərəfindən təşəkkür plaketi təqdim edilib.

Qeyd edək ki, folklorşünas alim oktyabrın 7-də Muğla Sıtkı Koçman Universitetinin Ədəbiyyat fakültəsinin tələbələrinə “Türk mifologiyasında Tanrı anlayışı və Tanrıçılıq dini-mifoloji sistemi” mövzusunda ustaq dərsi keçib. Mühazirədə qədim türklərin Göy Tanrı dini (Tenqriçilik), bu dinin günümüzədək gəlməsi və inkişafından bəhs olunub. Bildirilib ki, SSRİ dağıldıqdan sonra türk xalqları yenidən öz milli köklərini axtarmağa yönəlmiş, qırğız, qazax, başqırd, çuvaş, tatar və yakutlar qədim dədə-baba dininə dönərək Tanrıçılıq hərəkatını başlatmış və təşkilat yaratmışlar. “Günümüzdə türk xalqlarının ortaq inancı olan Tenqriçiliyə  inanan 50-60 min insan vardır”, – deyə professor vurğulayıb.

Mühazirə auditoriyanın böyük marağına səbəb olub, mövzu ilə bağlı suallar cavablandırılıb.