XƏBƏRLƏR
Əməkdaşlarımız “Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər
Oktyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi, “Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “AZLİNQ 2024 – Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 01 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq bu il dördüncüsü təşkil olunan konfransda Azərbaycanın tanınmış alimləri ilə yanaşı, yerli və xarici gənc tədqiqatçılar də iştirak ediblər.
Neftçala rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirə AMEA Folklor İnstitutunun əməkdaşları da qatılıblar. Konfransın panel iclaslarında çıxış edən institutun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Nigar Həsənovanın “Naxçıvan folklorunun dialekt xüsusiyyətləri”, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçiləri – fil.ü.f.d., dos. Ləman Süleymanovanın “Xoryatların dil xüsusiyyətləri” və fil.ü.f.d. Qumru Şəhriyarın “Türk dastanlarının Azərbaycan dilinə tərcümə məsələsi (Qırx batır haqqında dastan silsiləsi əsasında)” mövzularında məruzələri maraqla qarşılanıb.
Sonda məruzəçilərə sertifikatlar təqdim olunub.