Folklor İnstitutunun alimi resenziyalı jurnalın redaksiya heyətinin  üzvü seçilib

Folklor İnstitutunun alimi resenziyalı jurnalın redaksiya heyətinin üzvü seçilib

16 İyul 2024, 13:10 / Mühüm hadisələr

AMEA Folklor İnstitutu­nun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev “Metafizika” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının “Filologiya və pedaqogika elmləri” bölməsi üzrə redaksiya heyətinin üzvü seçilib.  

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan “Metafizika” jurnalı 2018-ci ildən nəşr edilir. Altı dildə (Azərbaycan, rus, ingilis, türk, ərəb və fars) məqalələrin yer aldığı jurnalın redaksiya heyətində yerli ziyalılarımızla yanaşı, ABŞ, Vatikan, Türkiyə, Rusiya, İran, Əfqanıstan, Çin, Qazaxıstan, Misir, Gürcüstan, Polşa, Özbəkistan, Ukrayna alimləri təmsil olunur (baş redaktor: fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Ələddin Məlikov).  

Bir sıra beynəlxalq elektron bazalara (https://elibrary.ru; copernicus; www.academia.edu və s.) daxil olan “Metafizika” jurnalı cari ildən ERİH PLUS (European Journal of Management Issues) beynəlxalq xülasələndirmə və indeksləmə sisteminə daxil edilib. 

İldə dörd dəfə nəşr olunan jurnalda ictimai, humanitar və sosial elmlərin (fəlsəfə, sosiologiya, psixologiya, tarix, arxeologiya, antropologiya, filologiya, pedaqogika, hüquq, siyasi elmlər, iqtisadiyyat, memarlıq, sənətşünaslıq və b.) müxtəlif istiqamətləri üzrə ORCID ID indeksinə malik olan alimlərin və tələbələrin məqalələri nəşr edilir.