Folklor İnstitutunun əməkdaşları “Qərbi Azərbaycana qayıdış”  festival-konqresində iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak ediblər

25 İyun 2024, 13:25 / Konfranslar, İclaslar

21-23 iyun 2024-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib. Festival-konqresin rəsmi açılış mərasimi Zəngəzur Milli Parkında, Batabat yaylağında baş tutub.

Tədbirin Naxçıvan Dövlət Universitetində keçirilən plenar və bölmə iclaslarında elm adamlarının Qərbi Azərbaycanla bağlı məruzələri dinlənilib və fikir mübadiləsi aparılıb.

Festival-konqresdə AMEA Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər. İnstitutun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçiləri – fil.ü.f.d., dos. Nigar Həsənova “Qərbi Azərbaycan folklorunda toponimlər”, fil.ü.f.d. Əpoş Vəliyev “Qərbi Azərbaycanın adət-ənənələri”, Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Tahir Nəsib “Ağbaba-Şörəyel folklor təhkiyə strukturunda epik, lirik əvəzlənmə”, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Məleykə Məmmədova isə “Amasya və Naxçıvandan İrəvana Qərbi Azərbaycan mədəniyyətində evlənmə ritualları” mövzusunda məruzələrlə çıxış ediblər.

Festival-konqres çərçivəsində məktəblilər arasında “Qərbi Azərbaycana qayıdış” olimpiadası da keçirilib. Olimpiadanın Ekspertlər şurasına Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarında çalışan alimlər dəvət olunublar. AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Ləman Süleymanova da olimpiadanın hər üç turunda Ekspertlər şurasında təmsil olunub. Qeyd edək ki, olimpiadanın I və II turları Bakı şəhərində, III turu isə Naxçıvan Dövlət Universitetində təşkil olunub.

İnstitutun Sənədlərlə iş şöbəsinin müdiri Afaq Mustafayeva isə festivalın təşkilati işlərində yaxından iştirak edib, şəxsi arxivindəki Qərbi Azərbaycan bölgəsinə aid eksponatları sərgiyə təqdim edib. Zəngəzur Milli Parkında, Batabat yaylağında keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalında bölgənin folklor nümunələri, adət-ənənələri, milli mətbəxi və digər dəyərləri təbliğ olunub. Hər bir mahal üçün ayrıca qurulan alaçıqlar, həmin alaçıqlarda sərgilənən milli geyimlər, yeməklər, əkinçilik və toxuculuq alətləri, gündəlik məişətdə istifadə olunan əşyalar, xalçalar festival iştirakçılarında xoş ovqat yaradıb.

 “Qərbi Azərbaycana qayıdış” festival-konqresi iyunun 23-də mükafatlandırma və bağlanış mərasimi ilə yekunlaşıb.