Ramazan Qafarlı: Alim, ziyalı, əsl vətəndaş – Nizami Adışirin yazır

Ramazan Qafarlı: Alim, ziyalı, əsl vətəndaş – Nizami Adışirin yazır

17 İyun 2024, 20:22 / Mühüm hadisələr

“Ramazan Qafarlı – 73”

Öz ömrünü xalq yaradıcılığı kimi zəngin və müqəddəs xəzinənin araşdırılmasına, təbliğinə həsr edən hər bir insan, ziyalı, alim bu yurdun əsl vətəndaşı olmağa layiqdir. Filologiya elmlər doktoru, professor Ramazan Qafarlı da ömrünün 40 ildən çoxunu xalqımızın bu zəngin xəzinə qaynağının araşdırılmasına, öyrənilməsinə, təbliğinə həsr etmiş, bu yolda bütün bacarıq və qabilliyyətini, gücünü, intellektini səfərbər edən dəyərli ziyalı, folklorşünaslıq sahəsində özünü çoxdan təsdiq etmiş alimlərimizdəndir. Bu sahəyə aid bir sıra dəyərli monoqrafiyaların, məqalələrin müəllifidir. Həm ölkəmizdə, həm də ölkəmizdən kənarda kifayət qədər tanınır və folklora aid yeganə Azərbaycan saytının da müəllifidir.

Ramazan Qafarlı 1951-ci ilin iyun ayının 17-də Şəki şəhərində sənətkar ailəsində anadan olmuşdur. Sovet dönəmində atası xüsusi mülkiyyətçi adı ilə həbs olunmuşdur. 1956-cı ildə atasının vəfatından sonra ailənin yükü anası Zərifə xanımın üzərinə düşür. Ailə 1961-ci ildə Bakı şəhərinə köçmüşdür. 1974-cü ildə V.İ.Lenin adına ADPİ-nin Filologiya fakültəsini bitirən R.Qafarlı İnstitutun Elmi şurasının qərarı ilə həmin ali məktəbdə saxlanılmışdır. Bir müddət müxtəlif ictimai vəzifələrdə çalışdıqdan sonra 1984-cü ildə N.Tusi adına ADPİ-nin əyani aspiranturasına daxil olur və 1988-ci ildə “Azərbaycan uşaq folkloru” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Həmin ildən bu ali təhsil ocağında çalışmağa başlamış, baş laborant, problem laboratoriyanın baş elmi işçisi, müdiri, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır. 2011-ci ildə “Dədə Qorqud Elmi-Tədqiqat Mərkəzi”nin müdiri vəzifəsinə seçilmişdir. Alim 2003-cü ilin oktyabrından 2004-cü ilin fevralınadək Rusiyanın Sankt-Peterburq şəhərində doktorluq təcrübəsi keçmişdir. A.Gertsen ad. Rusiya Dövlət Pedaqoji Universitetinin Elmi şurasında onun “Мифологическая картина мира азербайджанского этноса” (“Azərbaycan xalqının təsəvvüründə mifoloji dünya modeli”) adlı doktorluq dissertasiyası mövzusu təsdiqlənmişdir.

Tədqiqat işi həmin ali məktəbin “Etnokulturologiya” kafedrasında müzakirə olunub müdafiəyə buraxılsa da, alim tədqiqatın mövzusunu yenidən dəyişərək “Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası)” adlandırmış və 2010-cu ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə etmişdir. Ramazan Qafarlı 2015-ci ilin dekabr ayında AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri vəzifəsinə şeçilmişdir və hazırda Folklor İnstitutunun şöbə müdiri olmaqla yanaşı beynəlxalq indeksli (İndex Copernicus) “Dədə Qorqud” ədəbi-elmi toplusunun da baş redaktorudur. Alim eyni zamanda ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru kimi pedaqoji fəaliyyətini davam etdirir.

Ramazan Qafarlı 16 dərs proqramının, 14 monoqrafiyanın, 5 dərs vəsaitinin, bir neçə folklor toplusunun, o cümlədən “Mif və nağıl” (1999), “Azərbaycan mifologiyası” (2001), “Azərbaycan atalar sözləri, xalq mahnıları və dramlarının poetikası” (2001), “Folklor poetikası” (2001), “Mifologiya və folklorşünaslıq məsələləri” (2002), “Azərbaycan türklərinin mifologiyası (mifik dünya modeli, təsnifat)” (2004), “Azərbaycan türklərinin mifologiyası (bərpa, genezis)” (2004), “Mif, nağıl və əfsanə (epik ənənədə janrlararası əlaqə)” (2011), “Uşaq folklorunun janr sistemi və poetikası” (2013), “Mifologiya. Mifogenez: rekonstruksiya, struktur, poetika” (2015), “Mifologiya. Ritual-mifoloji rekonstruksiya problemləri” (2019), “Azərbaycan qorqudşünaslığı (məqalələr toplusu)” (2020), “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” (2021) kitablarının, 300-dən çox elmi-publisistik məqalənin, AMEA Ədəbiyyat İnstitutunun hazırladığı 6 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində (Bakı, Elm, 2004) və eləcə də 10 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində (Bakı, Elm, 2018) yer alan oçerklərin – “Uşaq folkloru”, “Xalq dramları”, “Xalq mahnıları”nın müəllifidir.

Səmərəli elmi-pedaqoji fəaliyyətinə görə alim iki dəfə Azərbaycan Pespublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur. 2010-cu ildə “Qızıl qələm” media mükafatına layiq görülmüşdür. Görkəmli alim neçə illərdir ki, folklor poetikası, mifologiya, “Kitabi-Dədə Qorqud”un poetik strukturu, uşaq folkloru, xalq dramları, atalar sözü, aşıq sənəti və sufizm, Nizami və “Avesta” və s. mövzular üzərində tədqiqat işləri aparır. Məhz onun gərgin əməyinin və zəhmətinin nəticəsidir ki, 2023-cü ildə Türkiyədə keçirilən “10. Millətlərarası Türk Halk Kültürü Kongresi”ndə öz araşdırmaları ilə türk dünyasına verdiyi töhfəyə görə Türkiyə Cümhuriyyətinin birinci xanımı Əminə Ərdoğan tərəfindən xüsusi mükafata layiq görülmüşdür.

Ramazan Qafarlı hər zaman öz prinsipiallığını və cəsarətini qoruyan, elmi həqiqətləri çəkinmədən deyə bilən və elmi əsası olmayan gerçəkliklərə, mülahizələrə qarşı açıq şəkildə mübarizə aparmağı bacaran əsl ziyalı, istedadlı tədqiqatçıdır. Söhbət Azərbaycan xalqının soykökü, milli, mənəvi dəyərlərinin qorunmasından gedirsə, Ramazan Qafarlı bu yolda heç nədən çəkinmir, ağıl və bacarığının, alim zəkasının, istedadının bütün imkanlarını həqiqətləri üzə çıxarmaq üçün səfərbər edir, ən ağır elmi müzakirələrdə belə ağlının, fəhminin işığına arxalanaraq elmi əsası olmayan heç bir iddiaya güzəştə getmir. Məhz buna görə Ramazan Qafarlının ziyalı qələmindən süzülüb ərsəyə gələn və gərgin zəhmətin, yuxusuz gecələrin bəhrəsi olan hər bir əsəri folklorşünaslıqda böyük hadisə kimi qiymətləndirilmişdir.

İstedadlı alimin folklorşünaslıq sahəsində dəyərli əsərlərindən biri onun “Mif və nağıl” monoqrafiyasıdır. Təsadüfi deyil ki, Xalq şairi Bəxtiyar Vahabzadə də bu əsərlə tanış olandan sonra onu çox yüksək qiymətləndirərək haqqında çox yüksək fikirlər söyləmiş və həmin tədqiqatı “soykökümüzü tikanlardan təmizləyən əsər” kimi dəyərləndirmişdir. Tədqiqatda ilk olaraq müəllifin vətəndaş mövqeyi, milliliyi, dərin biliyi, mülahizələrinin elmiliyi diqqət çəkir. Xalqımızı, millətimizi sevməyənlər, milli varlığımızdan narahat olanlar uzun müddət “mif ümumbəşəri anlayışdır, kiçik xalqa məxsus ola bilməz” konsepsiyasını əldə bayraq edərək kökümüzü bu torpaqdan ayırmaqla əsrlərdən bəri xalqımızın yaddaşında yaşayan müxtəlif adət-ənənələrimizi, inanclarımızı unutdurmağa çalışırdılar və qeyd edirdilər ki, Azərbaycan türklərinin mifologiyası, mifik görüşləri yoxdur.

“Mif və nağıl” kitabı məhz həmin yanlış tendensiyaya cavab olaraq yazılmış olduqca sanballı bir tədqiqat əsəri kimi Azərbaycan türklərinin soykökündə dayanan mifoloji təfəkkürün mövcudluğunu, hətta bu mövcudluğun çox qədim tarixi köklərə malik olduğunu sərrast və tutarlı elmi dəlillərlə təsdiqləyir. Məhz bu yüksək keyfiyyətlərinə görə Xalq şairi Bəxtiyar Vahabzadə Ramazan Qafarlının bu tədqiqatını “özümüzə qayıdışın təsdiqi kimi” qiymətləndirmişdir. R.Qafarlı tədqiqatda ortaya qoyduğu bütün problemləri faktlar əsasında həll edir. Qədim adətlərimizlə, inanclarımızla bağlı dilimizdə işlənən bir sıra ifadələrin elmi, məntiqi izahını verir və hətta yurdumuzun adət-ənənələrinin, yaşayış tərzinin, xalqımızın mifik düşüncəsinin dünya folklorşünaslığındakı izlərinə dair misallar gətirir. Bu tədqiqatda Azərbaycan türklərinə aid mifik görüşlər və mifik düşüncə tərzi dünyadan təcrid edilmiş halda deyil, bir sıra xalqların (yunan, misir) yaratdığı abidələrlə müqayisəli şəkildə təqdim olunur. Tədqiqatın hər səhifəsində, həttə hər cümləsində Azərbaycan türklərinin əski düşüncə tərzində, əski inanclarında öz soykökünə bağlılığının nə qədər möhkəm olduğu görünür. Bu, bir daha tədqiqatçının milli vətəndaşlıq mövqeyini, vətən təəssübkeşliyini, türklüyə, yurduna olan sonsuz məhəbbətini əyani şəkildə sübut edir.

Azərbaycan türklərinin epik ənənəsində əfsanə və rəvayətlərin xüsusi yeri olmuşdur. Vətənini, torpağını öz qanı bahasına düşmənlərdən qoruyan əcdadlarımız vətənin hər qarışına ‒ hər daşına, dağına, çəməninə, çayına, çiçəyinə, quşuna əfsanələr düzüb qoşaraq doğma yurdlarına öz möhürlərini vurmuşlar. Adı çəkilən tədqiqatında alim mif və əfsanə, rəvayətlər arasında mövcud olan qarışıqlıqla bağlı dünya folklorşünaslığındakı fikirləri saf-çürük edir və sərrast elmi mülahizələri ilə bu janrların arasındakı sərhədləri müəyyənləşdirir. Tədqiqatçı eyni zamanda Azərbaycan folklorunda meydana çıxan zərərli bir tendensiyanı da – folklor materiallarının toplanıb yazıya alınması əsnasında toplayıcılar tərəfindən “qondarma” süjetlərin uydurulması və xalqın adına yazılması hesabına folklorumuzu zənginləşdirməyə “təşəbbüs edən” tədqiqatçıları da açıq şəkildə tənqid edir. Çünki xalq yaradıcılıq formalarının xüsusi qəlibləri, yaranma metodları var. Ayrı-ayrı yazıçılara xas olan fərdi yaradıcılıq üslubu ilə xalq yaradıcılığı formaları arasında nəzərə çarpacaq dərəcədə ciddi fərqlər mövcuddur. Xalq mahnımız olan “Apardı sellər Saranı” ilə “Apardı sellər Sarayı” adlı “uydurma” rəvayət arasındakı fərqləri ustalıqla üzə çıxardan tədqiqatçı poetik üslubi baxımdan xalq yaradıcılığına süni şəkildə edilən belə müdaxilələrin onu daha da korlamaqdan başqa bir şey olmadığını vurğulayır. Faktlar sübut edir ki, xalq mahnımız olan “Apardı sellər Saranı” daha qədim inanclara söykənir. Həmin qeydləri oxuyandan sonra “Dədə Qorqud kitabı”nda su ilə bağlı işlənmiş “su tanrı üzünü görmüşdür” fikrinin, həmçinin dilimizdə işlənən “su aydınlıqdır” ifadəsinin də bu qədim inanclarla bağlı olduğu və xalqın təfəkküründə min illərdən bəri yaşadığı aydın olur. “Tanrının üzünü görən suya” kult kimi yanaşılması inanclarda, alqış-qarğışlarımızda, atalar sözü və məsəllərimizdə bu gün də həmin magik izini qorumaqdadır: “Su kimi əziz ol”, “su harada, dirilik də orada”, “sularınız axar-baxarlı olsun” və s. Kitabı vərəqlədikcə dilimizin nə qədər zəngin və geniş üslubi, poetik imkanlara malik olmasını və Ramazan Qafarlının dilimizin bu zənginliyini, poetik imkanlarını duya bilmək qabiliyyətini sadəcə alqışlamaq qalır. Tədqiqatçı əfsanələrin çevrilmələrindən danışarkən xalq dilinin geniş imkanlarına baş vurur və fikirlərini xalqın dilində işlənən əski ifadələrin izahlı yozumu ilə sübut edir. “Daş dinsə, o da dinər”, “bülbültək qəfəsdə olma”, “namusumuzu daşlardan, qayalardan soruş” ifadələri də ən qədim inanclarla bağlı olub əfsanə çevrilmələrindən əmələ gələn poetik fiqurlardır.

Kitabın “Mif və sakral rəqəmlər” bölməsində Azərbaycan xalqının epik ənənəsində, xüsusən miflərdə, əfsanə və nağıllarda işlənən rəqəmlərin müxtəlif funksiyaları və onların işlənmə dairəsi maraqlı nümunələr əsasında təqdim edilir. İlkin arxaik ənənədə rəqəmlər daha çox kosmik, magik mənalarda işlənmiş, insanlar onların sehrli gücə malik olduğuna inanmışlar. Azərbaycan folklorunda rəqəmlərin əsas səciyyəvi xüsusiyyətləri bədii mətnlərdə onların ənənəvi şəkildə işlənməsidir. Bir çox rəqəmlər (3, 4, 5, 7, 9, 40) təkcə folklorun epik janrlarında deyil, həm də bir sıra xalq şeirlərində, mərasim və ayinlərin keçirilməsi zamanı işlənir.

Tədqiqatçı “Mif və nağıl” kitabında ulu xalqımızın mənəvi dünyasına səyahət edir, sanki özünə yeni, sehrli bir dünya, bir sığınacaq kəşf edir və bu mənəvi aləmin zənginliyinə, mükəmməlliyinə heyran qaldığını özü də etiraf edir. Alimin 2011-ci ildə çap etdirdiyi “Mif, əfsanə, nağıl, epos” (Şifahi ənənədə janrlararası əlaqə) adlı monoqrafiyasında da, “Mif və nağıl”ın davamı kimi Azərbaycan türklərinin nağıl, əfsanə, rəvayət və eposları təhlil edilir. Mifin yuxarıda saydığımız folklor ənənələrinə təsiri, bu əlaqələrin prinsipləri göstərilir. Tədqiqatın “Mif və Epos” adlı bölməsində ulu kitabımız olan “Kitabi-Dədə Qorqud”la bağlı maraqlı fikirlərlə rastlaşırıq. Müəllif oğuzların qəhrəmanlıq dolu tarixinə güzgü tutaraq folklor ənənəsində bu tarixin necə əks olunduğunu izləyir. Oğuz adının mənşəyi ilə bağlı səslənən müxtəlif fikirləri müqayisəli şəkildə saf-çürük edir. “Kitabi-Dədə Qorqud”un tədqiqat tarixini sistemli şəkildə dövrləşdirir və xronoloji ardıcıllığa riayət etməklə təqdim edir.

Həmçinin “Kitabi-Dədə Qorqud”un “Müqəddimə” sində verilmiş atalar sözlərinin, Tanrıyla bağlı, Məhəmməd peyğəmbərlə bağlı, ailə, ər-arvad haqqında olan fikirlərin məzmunca Nizami Gəncəvinin əsərləri və yazılı epik ənənənin digər nümunəsi sayılan N.Tusinin “Əxlaqi nasiri” əsəri ilə müqayisəsi olduqca maraqlıdır. Alimin fikrincə, müqəddimədə verilən bu nəsihətçiliyin mayasında qələmə alındığı dövrün yazılı ədəbiyyat ənənəsi durur. Oğuz eposunu yazıya alan katiblər məhz bu ənənəni müqəddiməyə hopdurmağa çalışmışlar. Məsələn; Müqəddimədə “Allah-Allah deməyincə işlər olmaz...”, Nizami Gəncəvinin “Sirlər xəzinəsi”ndə: “Fikrin başlanğıcı və sözün sonu Tanrının adı ilədir”... Maraqlı məqam odur ki, N.Tusinin “Əxlaqi nasiri” əsərində də qadınlarla bağlı iki bölgü verilir ki, birinci bölgüyə görə qadınlar “Kitabi-Dədə Qorqud”da olduğu kimi 4 qismə bölünür. Evin dayağı olanlar, soy solduranlar, toy dolduranlar və bayağılar.

“Kitabi-Dədə Qorqud”dan fərqli olaraq N.Tusinin qeyd olunan əsərində bədcins arvaddan dörd hiylə işlətməklə yaxa qurtarmağın mümkünlüyündən də bəhs edilir. Həmçinin F.Rəşidəddinin “Oğuznaməsi”ndə Oğuz xanın səfərləri ilə Makedoniyalı İskəndərin səfərləri arasındakı müqayisə, bu müqayisənin fonunda “Kitabi-Dədə Qorqud”da “Qazan bəyin dustaq olduğu boy”da Tumanın təkuru və Qazan bəy arasında yaşanan “düşməni öymə” hadisəsi arasındakı bənzərlik də maraq doğurur. Tədqiqatda “Kitabi-Dədə Qorqud”da olmayan daha 12 boy haqqında məlumat və onların məzmun hüdudlarının çəkilməsinə göstərilən cəhd də maraq doğuran məqamdır və təqdirəlayiqdir.

Alimin “Azərbaycan türklərinin mifologiyası” adlı monoqrafiyası da, azərbaycanlıların mifologiyası yoxdur tendensiyasına layiqli və tutarlı cavab sayıla bilər. Tədqiqatçı mifoloji düşüncənin struktur səviyyələri, türk-oğuz eposunda mifoloji zaman və məkan anlayışı haqqında, xalqımızın qədim inancları ilə bağlı olan ilaxır çərşənbələri haqqında, Azərbaycan-türk miflərinin tematik-klassifikativ strukturu haqqında olduqca maraqlı mülahizələr yürüdür.

Professor R.Qafarlı “Azərbaycan uşaq folkloru” (2011) adlı monoqrafiyası isə bizi şifahi xalq ədəbiyyatımızın mühüm qollarından biri olan uşaq folkloru adlı möcüzələr aləminə aparır. Monoqrafiyada Azərbaycan türklərinin uşaq folkloru ilk dəfə sistemli şəkildə tədqiq olunur. Uşaqların zehni və intellektual inkişafına yönələn tapmacaların məzmunca riyazi, söz oyunlu, informativ, emosional, intellektual və s. fərqli formaları ilə tanış olduqca xalqımızın nə qədər zəngin, intellektual potensiala malik olduğuna heyran qalmamaq olmur. Xalqımız uşağa olan məhəbbətini görün necə emosionallıqla ifadə edir:

“Tərəzidə çəkilməz

Bazarda satılmaz

Baldan şirin dadı var,

Yemək olmaz, canı var”.

Və ya məhəbbət və yaxşılıq kimi duyğuların uşaqların zehnində poetik qavrama biçimi görün necə mükəmməl düşünülüb:

“O nədir dərya kimi bölünməz,

O olmasa, bütün dünya dolanmaz”.

Bəli, “dünyanı məhəbbət və yaxşılıq xilas edəcək” duyğusu bir misra ilə uşaq yaddaşına ilmə-ilmə naxışlanan ən ülvi duyğudur. Bu mənada, tədqiqatçının gərgin zəhmət və böyük fədakarlıqla toplayıb ərsəyə gətirdiyi bu monoqrafiya təkcə elm aləmi üçün deyil, kiçik nəslin nümayəndələri üçün də dəyərli töhfə sayılmalıdır.

Professor Ramazan Qafarlı mifologiya ilə bağlı tədqiqatlarını sonralar da davam etdirmiş, mifologiya elminin müxtəlif problemlərinə həsr olunmuş VI cildlik “Mifologiya” külliyyatının I və II cildlərini çap etdirmişdir.

2020-ci ildə nəşr etdirdiyi “Azərbaycan qorqudşünaslığı” adlı məqalələr toplusunda alim “Kitabi-Dədə Qorqud” haqqında müxtəlif illərdə müxtəlif tədqiqatçılar tərəfindən yazılan bir sıra dəyərli məqalələri bir yerdə toplayaraq təqdim etmişdir.

Alimin “Nizami poeziyasında məkan, zaman və kəmiyyət vəhdəti (folklor-mifoloji düşüncə kontekstində)” (2021) adlı monoqrafiyasında isə N.Gəncəvi irsi bədii-estetik cəhətdən təhlilə cəlb olunur və nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrində aktuallığı məsələsi xüsusi vurğulanır. Kitabın ayrı-ayrı bölmələrində Nizami poeziyasının gizli, görünməyən qatlarında qorunan müxtəlif cəhətlər aşkara çıxarılır və elmi təhlilə cəlb olunur. Monoqrafiya elmi ictimaiyyət tərəfindən də maraqla qarşılanmış, AMEA Folklor İnstitutunda, həm də AMEA Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzində təqdimatı keçirilmişdir.

R.Qafarlının Xalq şairimiz Bəxtiyar Vahabzdənin yaradıcılığının təbliği sahəsində gördüyü işlər də təqdirəlayiqdir. Tədqiqatçı şairin əsərlərini XII cilddə və nəfis tərtibatda çapa hazırlamış və bunu mənəvi atası hesab etdiyi ustadına vəfa borcu bilmişdir. Həmçinin B.Vahabzadə yaradıcılığına həsr olunan bir neçə Beynəlxalq konfransın təşkilatçısı olmuşdur. B.Vahabzadə yaradıcılığı həm Azərbaycan ədəbiyyatı üçün, həm də bütövlükdə türk dünyası üçün milli, mənəvi, mədəni birlik manifesti kimi dəyərlidir. Ürəyində vətən, millət, dil sevgisi olan hər bir vətəndaş, hər bir ziyalı bu poeziyanı yaşatmalı, təbliğ etməlidir. Çünki bu poeziyanın mayasında elin ruhu, xalqın milli-mənəvi dəyərləri, zəngin folkloru dayanır.

İyunun 17-də professor Ramazan Qafarlının 73 yaşı tamam olur. Ramazan Qafarlı 73 illik bu təlatümlü ömründə sevinci də doya-doya yaşadı, kədəri də. Lakin qələmini heç vaxt yerə qoymadı və elmimiz üçün bir-birindən dəyərli tədqiqat əsərləri ərsəyə gətirdi. İnanıram ki, bundan sonra ortaya qoyacağı tədqiqatları da orijinallığı ilə seçiləcəkdir.

Hörmətli Ramazan müəllim! Sizi kollektivimiz adından doğum gününüz münasibəti ilə bir daha ürəkdən təbrik edirik. Sizə ilk olaraq möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Ulu Tanrı Sizi qorusun!

 

Nizami ADIŞİRİNOV

filologiya üzrə fəlsəfə doktoru

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

AMEA Folklor İnstitutu Dədə Qorqud şöbəsinin böyük elmi işçisi