Mədəniyyət komitəsinin sədri akademik Muxtar Kazımoğlu-İmanovu doğum günü münasibətilə təbrik edib

Mədəniyyət komitəsinin sədri akademik Muxtar Kazımoğlu-İmanovu doğum günü münasibətilə təbrik edib

28 May 2024, 13:00 / Mühüm hadisələr

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, deputat Fazil Mustafa AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanovu doğum günü münasibətilə təbrik edib. Həmin təbriki təqdim edirik:

Muxtar Kazımoğlu (İmanov) – 69

Bu gün Azərbaycan folklorşünaslıq elminin inkişafında dəyərli xidmətləri olan görkəmli ictimai və elm xadimi, Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlunun doğum günüdür.

Muxtar Kazımoğlu 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Filologiya fakültəsini bitirib. 1980-1983-cü illərdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyat nəzəriyyəsi” ixtisası üzrə əyani aspiranturasında oxuyub.

1983-1992-ci illərdə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışıb. 1992-2000-ci illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olan alim, 2001-2003-cü illərdə AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzində böyük elmi işçi olaraq çalışıb, Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi olaraq çalışıb.

2011-ci ildən AMEA Folklor İnstitutunun direktorudur.

2007-ci ildə “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edən Muxtar Kazımoğlu 2009-cu ildə dosent, 2016-cı ildə professor elmi adını alıb.

O, 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilib.

Akademik Muxtar Kazımoğlu ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı dəyərli əsərlərin müəllifidir. Onun Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləşdirilməsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, eləcə də, folklorşünaslığın bir sıra güncəl problemlərinə həsr edilən 10 monoqrafiyası, 200-dən artıq elmi məqaləsi, çoxsaylı publisistik yazıları yayınlanıb.

Alimin Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyası humanitar-filoloji elmimizdə böyük rezonans doğurub.

Folklorun toplanması, tərtib və nəşr olunması ilə də ardıcıl məşğul olan Muxtar Kazımoğlu bu sahədə bir çox kitabların, toplularının layihə rəhbəri və həmtərtibçisi olub.

Akademikin bir çox əsəri xarici ölkələrdə də yayınlanıb. O, qardaş Türkiyədə, KKTC-də, eləcə də, Almaniya, Fransa, Gürcüstan, Rusiya və b. ölkələrdə keçirilən beynəlxalq elmi simpozium, konfrans və konqreslərdə yaddaqalan məruzələrlə çıxış edib.

Muxtar Kazımoğlu elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna (2015) layiq görülüb. O, həmçinin AMEA Rəyasət heyətinin Fəxri fərmanı (2015), Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin yubiley medalı (2018), “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı (2019) ilə təltif edilib.

Hörmətli aydınımızı Müstəqillik Günündə qeyd etdiyi ad günü və ictimai-elmi uğurları ilə bağlı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, ictimai, elmi və pedaqoji fəaliyyətində yeni uğurlar diləyirik!

 

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsi