XƏBƏRLƏR
Əməkdaşlarımız “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfransda məruzə ediblər
Mayın 23-24-də AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Milli Elmlər Akademiyasının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, AR elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əhatə etdiyi elmi müəssisələrin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi və KİV əməkdaşları iştirak ediblər.
Konfrans çərçivəsində, həmçinin AMEA-nın Mərkəzi Elmi Kitabxanasında və AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda bölmə iclasları da keçirilib.
AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçiləri konfransın bölmə iclaslarında məruzə ilə çıxış ediblər. Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Heydər Əliyev: milli tarixi yaddaş və xalq ədəbiyyatı” adlı məruzəsində qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqının tarixi, ədəbiyyatı və taleyi ilə o qədər qaynayıb-qarışıb ki, ondan söhbət açarkən əslində xalqın tarixindən, ədəbiyyatından danışmış oluruq. Tarixi mənbələrdən və arxiv materiallarından da əldə etdiyimiz məlumatlara əsasən, Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi 70-ci illərdə Azərbaycan ədəbiyyatının inkişafı üçün həm siyasi-ideoloji, həm də mənəvi şərait yaradıldı. Məhz dövlət qayğısı sayəsində yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünaslarımızın məhsuldar yaradıcılığı bu işin nəticəsi olaraq tarixə həkk olundu.
Filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayevanın “Azərbaycan folklorunda təbiət kultları” mövzusunda məruzəsində mürəkkəb ritual-mifoloji sistem olan kultun əhəmiyyətindən bəhs olunub. Azərbaycan folklorunda astral kultlar, dağ, bitki, su və s. kultlarla bağlı inamlar, onların səciyyəvi xüsusiyyətləri diqqətə çatdırılıb.