“İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi  konfrans keçirilib

“İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

22 May 2024, 21:51 / Konfranslar, İclaslar

Mayın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Azərbaycan və Kərkük ədəbiyyatı və folklorunun görkəmli tədqiqatçısı Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr olunmuş “İraq-türkman folkloru və ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib. Konfrans AMEA Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Kərkük Kültür Dərnəyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

Əvvəlcə İraq-türkman ədəbiyyatına, İraq türkmanlarının və bütövlükdə türk dünyasının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri olan Əta Tərzibaşının yaradıcılığına həsr olunan sərgiyə baxış keçirilib, Azərbaycan və Kərkük xalq musiqisinin nümunələri səsləndirilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq İraq-türkman və Azərbaycan ədəbi əlaqələrindən danışıb, ölkələr arasında ortaq milli-mənəvi dəyərlərin və qədim tarixi köklərin olduğunu bildirib.

Kərkük-Azərbaycan əlaqələrinin inkişafında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu söyləyən akademik İsa Həbibbəyli Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar olaraq dövlət dəstəyi sayəsində İraqda həyata keçirilən tədbirləri böyük hadisə kimi yüksək qiymətləndirib.

AMEA rəhbəri vurğulayıb ki, hazırda Prezident İlham Əliyev Azərbaycanla İraq-Kərkük əlaqələrinin inkişafına böyük diqqət yetirir və dəstək verir. Akademikin sözlərinə görə, Azərbaycan-İraq əlaqələri çərçivəsində Azərbaycan-Kərkük əlaqələri də yeni mərhələyə çatıb.

Akademik İsa Həbibbəyli İraq türkmanlarının milli özünüdərk və özünütəsdiqində mühüm rol oynayan görkəmli elm fədaisi, böyük folklorşünas, ədəbiyyatşünas, ictimai xadim Əta Tərzibaşının 100 illik yubileyinin Bakıda qeyd edilməsinin Azərbaycan-Kərkük əlaqlərinin inkişafında yeni səhifə olduğunu bildirib.

AMEA prezidenti qeyd edib ki, Kərkük türklərinin mənəvi atası olan Əta Tərzibaşı əsasən ədəbiyyat və folklora dair araşdırmaları ilə tanınıb, xalqın milli irsinin toplanması, nəşri və tədqiqi zərurətini yaradıcılığının əsas qayəsinə çevirib. O, bütün mənalı ömrünü İraq türkmanlarının elmi-mənəvi yüksəlişinə, milli-mədəni tərəqqisinə həsr edib.

Akademik İsa Həbibbəyli Əta Tərzibaşının 100 illik yubileyi ilə əlaqədar AMEA-nın “Elm” nəşriyyatı tərəfindən ədibə həsr edilmiş kitabın işıq üzü gördüyünü iştirakçıların diqqətinə çatdırıb, nəşrin yüksək səviyyədə inkişaf edən Azərbaycan-Kərkük ədəbi əlaqələrinə töhfə olduğunu qeyd edib. O, həmçinin AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun Əta Tərzibaşının 100 illiyinə həsr edilmiş xüsusi buraxılışının nəşr edildiyini bildirib.

AMEA rəhbəri görkəmli tədqiqatçı Əta Tərzibaşının yubileyinin mədəniyyət, elm və ədəbiyyat bayramı kimi Azərbaycanda təntənə ilə qeyd edilməsinin həmrəyliyimizə yol açan mühüm tarixi hadisə olduğunu vurğulayıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransda kərküklü tədqiqatçı, şair və yazıçı, Kərkük Kültür Dərnəyinin rəhbəri doktor Şəmsəddin Kuzəçi çıxış edərək qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib, Əta Tərzibaşının ümumtürk folkloru və ədəbiyyatındakı əhəmiyyətli rolundan bəhs edib.

Sonra çıxış edən AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar Kazımoğlu-İmanov Əta Tərzibaşının Məhəmməd Füzulinin yaradıcılığı haqqında apardığı tədqiqatlar barədə məlumat verib. Bildirib ki, Kərkük folklorunun ən mahir tədqiqatçısı olan Əta Tərzibaşı çoxillik ardıcıl fəaliyyəti sayəsində Kərkük folklorşünaslıq məktəbi yaratmışdır. O, xalqın tarixi keçmişinin, milli-mənəvi zənginliyinin ən bariz göstəriciləri – dil, folklor, tarix, ədəbiyyat, mətbuat və s. kimi sahələrdə yorulmadan çalışmış, fundamental əsərlər yaratmışdır. Onun İraqda yaşayıb-yaratmış böyük Azərbaycan şairi Məhəmməd Füzuli ilə bağlı tədqiqatları Əta Tərzibaşının Kərkük ədəbiyyatşünası kimi vəzifəsi olaraq meydana çıxmışdır.

Daha sonra Dr. Şəmsəddin Kuzəçi “Əta Tərzibaşının məqalələrinin dəyərləndirilməsi üzərinə bir araşdırma”, professor Qəzənfər Paşayev “İraq-türkman ləhcəsinin tədqiqində Əta Tərzibaşı mərhələsi”, “Türkməneli” qəzeti və eyniadlı ədəbiyyat və sənət dərgisinin redaktoru Necat Kevseroğlu “Əta Tərzibaşının həyatı və əsərləri”, professor Ömər Türkmənoğlu “Əta Tərzibaşının İraq-türkman musiqisinə töhfələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib. Bölmə iclaslarında İraq-türkman dili, tarixi, folkloru, etnoqrafiyası, ədəbiyyatının, eləcə də Əta Tərzibaşının zəngin yaradıcılığının araşdırılmasını əhatə edən çoxsaylı məruzələr dinlənilib və çıxışlar ətrafında müzakirələr aparılıb.

 Qeyd edək ki, beynəlxalq elmi konfrans mayın 23-dək davam edəcək.