Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

Folklor İnstitutunun əməkdaşları beynəlxalq simpoziumda məruzə ediblər

20 May 2024, 09:44 / Mühüm hadisələr

16-18 may 2024-cü il tarixlərində Türkiyənin Amasya şəhərində “Abdizadə Hüseyn Hüsaməddin Yasar və Amasya tarixi” mövzusunda I Beynəlxalq Amasya Sosial Elmi Araşdırmalar Simpoziumu keçirilib. Amasya İcra Hakimiyyəti, Amasya Bələdiyyəsi və Amasya Universitetinin birgə təşkilatçılığı ilə Milli Hakimiyyət Yerləşkəsi Konqres və Mədəniyyət Mərkəzində keçirilən simpoziumun açılış toplantısında Amasya İcra başçısı Yılmaz Doruq, Amasya Bələdiyyə başçısının müavini Bekdəmir İşbilir, Amasya Universitetinin rektoru Prof. Dr. Əhməd Haqqı Turabi ilə yanaşı, rayon rəhbərliyi, siyasi partiya nümayəndələri, elm adamları və tələbələr iştirak ediblər. İki gün davam edən simpoziumda fərqli ölkə və şəhərlərdən olan alim və tədqiqatçıların Abdizade Hüseyn Hüsaməddin Yasarın həyat və fəaliyyətinə, eləcə də Amasya tarixi, mədəniyyəti və s. həsr etdikləri müxtəlif mövzulu məruzələr dinlənilib.

Tarix boyunca qalaları, malikanələri, körpüləri, türbələri və s.-lə tanınan, dünyanın elm və sənət mərkəzlərindən biri olan Anadolunun qədim şəhəri Amasyada keçirilən beynəlxalq simpoziumda AMEA Folklor İnstitutunun əməkdaşları onlayn formatda iştirak ediblər.  İnstitutun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Elçin Qaliboğlu “Azərbaycan və Türkiyənin Amasya bölgəsində zurna-davul ilə bağlı bənzərliklər və fərqliliklər” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda və Türkiyənin Amasya elində zurna və nağara (davul) alətlərinin oxşar və fərqli cəhətləri araşdırılıb, çağdaş Azərbaycan zurna-balaban sənətinin inkişafında məşhur sənətkar Kalvalı Əli Dədənin (1874-1960) özünəməxsus xidmətləri olduğu bildirilib: “Azərbaycan zurna-balaban sənətində məktəb yaratmış ustadın çalğısında bütün imkanlar aşkarlanır. Sənətkarın adı XIX yüzilin sonu, XX yüzilin birinci yarısı peşəkar xalq yaradıcılığının görkəmli nümayəndələri ilə bir sırada durur. Yaradıcılığında iki əsas cəhət – möhtəşəm döyüşkənlik və harayın ifadəsi diqqəti çəkir. Ustadın tanınmış havaları bunlardır: “Heyvagülü”, “Alçagülü”, “Koroğlu nağarası”, “Qəhrəmani”, “İnnabı”, “Əfruzə”, “Yasəməni", “Dağ çiçəyi”, “Azərbaycan rəqsi”, “Türk rəqsi” və s. O, 70-dən çox zurna-balaban havası yaradıb, indi də bu mahnılar Azərbaycan toylarının bəzəyidir”. Ustadın Azərbaycan zurna-balaban, eləcə də aşıq sənətinin inkişafındakı xidmətləri, havacatlarının sənətkarlıq keyfiyyəti incələnib, xalq ruhunun ardıcıl ömürləşməsi üçün bu kimi sənətkarların yaratdıqlarının ardıcıl öyrənilməsinin gərəkliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Türkiyənin müxtəlif bölgələrində, xüsusilə də Amasyada zurna və davulun ölçüləri Azərbaycandakından fərqli olsa da, musiqi ruhu mahiyyətcə eynidir.

Habelə məruzədə Amasya bölgəsindəki rəqslər təhlil edilib.

Məruzədə tarix boyunca Azərbaycan türklərinin yaşadığı qədim türk torpaqlarında – indiki Ermənistanda  xalqımızın kütləvi deportasiyaya – 1988-ci ilə kimi toy şənliklərində bu tipli musiqi alətlərindən geniş istifadə etdikləri vurğulanıb. Bununla bağlı uyğun rəqslərin adları da sadalanıb: “Qaladan qalaya”, “Əsgər çocuq”, “Alagülbəndi”, “Ağbaba yallısı” və s. Məruzədə daha sonra bildirilib ki, bu kimi musiqi örnəkləri insanlarda birlik ruhu yaradır,  yaşamağa, sabaha, həyata ümidi artırır. Bu birlik eyni zamanda xalqımızın yenilməzlik ruhunun da ifadəsidir.

Simpoziumda Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. dos. Məleykə Məmmədovanın “Naxçıvan və Amasya mədəniyyətində toy ritualları” mövzusunda məruzəsi də dinlənilib. Məruzədə Naxçıvan və Amasya xalq mədəniyyətində evliliyin önəmi, toy öncəsi və sonrası edilən mərasim və şənliklərdə həyata keçirilən ənənələr və rituallar qarşılıqlı şəkildə incələnib. Eyni genetik kodları daşıdığımız üçün yalnız Naxçıvan və Amasyada deyil, bütün bölgələrimizdə olan toy ənənələri və rituallarının oxşarlığı araşdırılıb, fərqliliklərin zəngin xalq mədəniyyətinin, folklorun əlvanlığının ifadəsinin sübutu olduğu vurğulanıb.