Folklor İnstitutunda Beynəlxalq Ailə Günü ilə bağlı tədbir keçirilib

Folklor İnstitutunda Beynəlxalq Ailə Günü ilə bağlı tədbir keçirilib

15 May 2024, 23:37 / Konfranslar, İclaslar

Mayın 15-də AMEA Folklor İnstitutunda bu elmi müəssisənin Qadınlar Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Ailə Günü ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutu Qadınlar Təşkilatının sədri, fil.ü.f.d. Xəyalə Ağayeva bildirib ki, 15 may – Beynəlxalq Ailə Günü BMT-nin Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən qeyd olunur. Respublikamız 2008-ci ildən bu ənənəyə qoşulub. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədilə ailə siyasəti bu gün də məqsədyönlü surətdə həyata keçirilir.

Sonra institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, fil.e.d., dos. Leyla Məmmədova “XIX əsr Azərbaycan dramaturgiyasında ailə modeli” mövzusunda məruzə ilə çıxış edib. L.Məmmədova bildirib ki, dövri-qədimdən bədii sənət nümunələri təlim-tərbiyə rolunu oynamış, xalqımızın milli-mənəvi dəyərləri, adət-ənənələri məhz əsərlər vasitəsilə çatdırılmışdır. Ailə dəyərlərinin, insanlararası münasibətlərin ən çox təbliğ olunduğu sahələrdən biri də şifahi və yazılı ədəbiyyat nümunələridir. Məruzədə milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin və Nəcəf bəy Vəzirovun pyeslərində adət-ənənələr, ailə münasibətləri, sağlam ailə modelinin bariz nümunələri barədə söz açılıb.

Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Gülnar Osmanovanın “Folklor nümunələrində ailə dəyərlərinin təzahürü” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi qeyd edib ki, türk, o cümlədən Azərbaycan mədəniyyətində ailənin müxtəlif rolları vardır. Folklor nümunələri də ailə üzvləri arasındakı qarşılıqlı əlaqələri, onların həm məişət, həm də iş həyatındakı davranışlarını sözlü hüquq qaydaları ilə şəkilləndirir. Bu örnəklərdə xalqın həyatı, adət və ənənələri, davranış qaydaları, psixologiyası haqqında geniş məlumata rast gəlmək olur.  

Tədbirdə institutun əməkdaşları – fil.ü.f.d., dos. Aynur İbrahimova, fil.ü.f.d., dos. İlhamə Qəsəbova, fil.ü.f.d., dos. Nigar Həsənova, fil.ü.f.d., dos. Sevinc Əliyeva, fil.ü.f.d., dos. Aynurə Səfərova və Sevda Qasımova mövzu ilə bağlı fikirlərini bölüşüblər.