Akademik Muxtar Kazımoğlu-İmanov Ümummilli Lider Heydər Əliyevə həsr olunan tədbirdə məruzə ilə çıxış edib

Akademik Muxtar Kazımoğlu-İmanov Ümummilli Lider Heydər Əliyevə həsr olunan tədbirdə məruzə ilə çıxış edib

08 May 2024, 23:00 / Konfranslar, İclaslar

Mayın 8-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan maliyyə nazirinin müavini Azər Bayramov müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, vətən və xalq qarşısında tarixi xidmətlərindən bəhs edib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin həm keçmiş SSRİ dönəmində, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin tarixində yüksəliş və inkişaf dövrü olub. Onun uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələrində böyük uğurlar qazanılıb, ölkəmizin sonrakı illərdə də davamlı inkişafı üçün möhkəm zəmin yaradılıb. 

Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov məruzə ilə çıxış edib. Akademik Ümummilli Lider Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyət dönəmlərində milli dəyərlərin qorunması və təbliğində göstərdiyi liderlik qabiliyyətindən bəhs edib. Xüsusilə dil, ədəbiyyat, mədəniyyət və incəsənət kimi sahələrdə görülən işlərə toxunan akademik bu dəyərlərin Azərbaycanın tanıtımında və milli ideologiyanın formalaşmasında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə tarixi torpaqlarımız olan Qarabağ və Şərqi Zəngəzur düşmən işğalından azad edilib və həmin ərazilərə vətəndaşlarımızın Böyüş Qayıdışına start verilib. Qeyd olunub ki, bu gün Azərbaycan Respublikası siyasi sabitliyə, iqtisadi gücə, sosial rifaha, tarix yazan güclü orduya malik olan nüfuzlu ölkə kimi öz qüdrətli dövrünü yaşamaqdadır. 

Tədbir “Tarixin izi ilə – Heydər Əliyev və 44 Günlük Zəfər Yolu” adlı filmin nümayişi ilə başa çatıb.