XƏBƏRLƏR
Professor Füzuli Bayatın “Modern çağda türk mifologiyasının problemləri” mövzusunda mühazirəsi dinlənilib
13 may 2024-cü il tarixində AMEA Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat institutda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlara “Modern çağda türk mifologiyasının problemləri” mövzusunda mühazirə deyib. Professor bildirib ki, mifologiya bir millətin ortaq keçmişinə aid xatirələrinin, elmi faktlarının yeganə qaynağıdır və insan bütün həyatı boyu tarix, din kimi mifi də özünə model olaraq qəbul etmişdir. Miflərin əski dönəmlərdə yaşanılan gerçəklərin simvolik şəkli olduğu nəticəsinə gəlinmişdir. Bəşəriyyətin mənəvi yükü, hərəkət dinamikası, kosmik düzəni, yəni ezoterik elmi miflərin içindəki sirdə gizlidir. “Müasir çağda sekulyar (dünyəvi) deyilən bir anlayış olsa da, şüurumuzun altında bir mifoloji kompleks var və biz o kompleksdən çıxa bilmirik”, – deyə alim vurğulayıb.
Professor mifin və onu öyrənən mifologiyanın digər ideoloji-mədəni, sosial-siyasi sistemlərdən fərqləndirən bəzi özəlliklərini də diqqətə çatdırıb.
Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.