“Bir əsrə sığmayan ömür” və “Zəfər bizə yaraşır” kitablarının  təqdimatı keçirilib

“Bir əsrə sığmayan ömür” və “Zəfər bizə yaraşır” kitablarının təqdimatı keçirilib

10 May 2024, 00:59 / Konfranslar, İclaslar

Mayın 8-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda AMEA Folklor İnstitutunun şöbə müdiri, AYB və AJB-nin üzvü Mahir Cavadlının Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə hazırladığı “Bir əsrə sığmayan ömür” və şeirlərindən ibarət “Zəfər bizə yaraşır” kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Elçin Hüseynbəyli giriş sözü ilə açaraq M.Cavadlını kitablarının işıq üzü görməsi, eyni zamanda bu il 65 yaşının tamam olması münasibətilə rəhbərlik və öz adından təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Sonra tədbiri aparmaq üçün söz filoloq alim, şair Adil Balıyevə verilib. Torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. A.Balıyev M.Cavadlının yaradıcılığı haqqında məlumat verərək bildirib ki, “tanışlığımız 50 il əvvəl Zəngilan rayonunun “Kənd həyatı” qəzetində şeirlərimiz eyni səhifədə çap olunduğu vaxtdan davam edir”.   

Tədbirdə  “Zəfər bizə yaraşır” kitabının redaktoru, Əməkdar mədəniyyət işçisi, fil.ü.f.d. Elxan Məmmədli, fil.e.d., şair İslam Sadıq, “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədovun bacısı bəstəkar Mehriban Əhmədova, şəhid bacısı şair Lalə İsmayıl, general Polad Həşimovun qardaşı İlham Həşimov, şəhid mayor Vüsal Vəliyevin qardaşı fil.ü.f.d. Elyar İslamoğlu, tanınmış yazıçı-jurnalist Kənan Hacı, “Xəzan” jurnalının baş redaktoru, yazıçı Əli bəy Azəri, “Qızıl Zəngilan” jurnalının baş redaktoru Möhübbət Qurbanov, “Yurd” jurnalının redaktoru, yazıçı-şair Zəhra Məmmədova, yazıçı-jurnalist Nurəddin Muğanlı, şair Əli Vahid Çaylı, Əməkdar jurnalist İbrahim Məmmədli, Əməkdar jurnalist Vahid Məhərrəmov, yazıçı-şair Ayaz İmranoğlu, “Zəngilanın səsi” qəzetinin baş redaktoru, şair Salam Cavadlı, vətənpərvər mahnıların ifaçısı, müğənni İlqar Vəliyev, AMEA Folklor İnstitutunun əməkdaşları Vildan Məmmədova və Həbibə Hüseynova çıxış edərək təbriklərini bildiriblər.

Rəssam Nazim Hüseynov Zəngilanın dilbər guşəsi Bəsitçay Dövlət Təbiət Qoruğunun ecazkar mənzərəsi əks olunmuş tablonu M.Cavadlıya təqdim edib. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

Xatırladaq ki, bugünlərdə Mahir Cavadlı 65 illik yubileyi münasibətilə və həmkarların işində uzunmüddətli əvəzsiz xidmətlərinə görə AMEA  Azad Həmkarlar İttifaqının Fəxri fərmanı ilə təltif olunub.