XƏBƏRLƏR
Akademik Muxtar İmanov Mingəçevir Dövlət Universitetində keçirilən respublika elmi konfransında məruzə edib
3-4 may 2024-cü il tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər İcra Hakimiyyətinin (ŞİH) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Heydər Əliyev müasir Azərbaycanın xilaskarı və qurucusudur” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransda AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov da iştirak edib.
Əvvəlcə, Ulu Öndərin MDU-nun inzibati binasındakı abidəsi önünə gül dəstələri düzülüb.
Konfrans Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında iştirakçıları salamlayan MDU-nun rektoru Şahin Bayramov dahi şəxsiyyətə həsr olunmuş respublika miqyaslı elmi konfransın önəmindən bəhs edib. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında əvəzsiz xidmətləri olmuş Heydər Əliyev kimi tarixi şəxsiyyətin zəngin irsini hərtərəfli öyrənmək, araşdırmaq, gənc nəslə çatdırmaq və geniş ictimaiyyət arasında təbliğ etmək hər bir vətəndaşın, xüsusilə də təhsil işçilərinin və ziyalıların şərəfli vəzifələrindəndir
Ümummilli Liderin anadan olmasının 101-ci ildönümünə həsr olunan elmi tədbirə böyük maraq göstərildiyini bildirən rektor konfransa 33 ali təhsil və elmi tədqiqat müəssisəsindən 230-dan artıq tezis və məqalənin daxil olduğunu diqqətə çatdırıb. O, konfransın təşkilində dəstəyi və əməyi olanlara təşəkkürünü bildirib və iştirakçılara uğurlar arzulayıb.
Daha sonra plenar iclasın məruzələri dinlənilib. AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov “Heydər Əliyev və milli-mənəvi dəyərlər” mövzusunda məruzəsini təqdim edib. Akademik Ulu Öndər Heydər Əliyevin həm birinci, həm də ikinci hakimiyyət dönəmlərində milli dəyərlərin qorunması və təbliğində göstərdiyi liderlik qabiliyyətindən bəhs edib. Xüsusilə dil, ədəbiyyat, mədəniyyət və incəsənət kimi sahələrdə görülən işlərə toxunan akademik bu dəyərlərin Azərbaycanın tanıtımında və milli ideologiyanın formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, Heydər Əliyevin “Dədə Qorqud” dastanının 1300 illiyinin UNESCO səviyyəsində qeyd edilməsi təşəbbüsünü və Azərbaycan dilinin dövlət dili olaraq təsdiqlənməsi kimi tarixi qərarlarını diqqətə çatdırıb. Akademik bu siyasətin müasir dönəmdə də davam etdirildiyini və Azərbaycanın beynəlxalq aləmdə tanınmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Bu çərçivədə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının zəruriliyini qeyd edən alim gənclərin bu dəyərlərə hörmət ruhunda tərbiyə edilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Plenar iclasda Mingəçevir ŞİH-nin başçısı İlham İsmayılovun “Heydər Əliyev – Azərbaycanın dövlət müstəqilliyini əbədiləşdirən dahi”, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin birinci müavini, deputat Əli Hüseynlinin “Heydər Əliyev – Azərbaycan xalqının əsl milli azadlıq və müstəqillik ideyasının banisi”, AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimovun “Heydər Əliyev və Azərbaycan elminin inkişafı”, “AzərEnerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun direktor müavini, dosent Aytək Babayevanın “Heydər Əliyev – innovativ texnologiyaların Azərbaycan Enerji sistemində tətbiqi bazasının qurucusudur”, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayevin “Azərbaycançılıq məfkurəsinin inkişafında Heydər Əliyev irsi” mövzusunda məruzələri dinlənilib.
İştirakçıların böyük marağına səbəb olan plenar iclasdan sonra konfrans 9 bölmə iclası ilə işini davam etdirib. Maraqlı məruzələr ətrafında müzakirələr aparılıb.