XƏBƏRLƏR
Professor Seyfəddin Rzasoy Folklor İnstitutunun doktorant və dissertantlarına mühazirə deyib
AMEA Folklor İnstitutunda fəlsəfə və elmlər doktorluğu üzrə təhsil alan doktorant və dissertantlar üçün mühazirələr davam edir.
29 aprel 2024-cü il tarixində institutun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Kitabi-Türkman lisani” oğuznaməsi” mövzusunda mühazirə deyib. Mühazirədə bildirilib ki, həm “Kitabi-Dədə Qorqud” dastanı, həm də “Kitabi-Türkman lisani” oğuznaməsi bilavasitə şifahi “Dədə Qorqud” eposunun yazılı şəkilləridir. Ən başlıcası, “Kitabi-Dədə Qorqud” bir dastan olduğu halda, “Kitabi-Türkman lisani” öz funksional tipologiyasına görə dastan yox, türkman / türkmənlərin ezoterik müqəddəs kitabıdır. Yəni “Kitabi-Dədə Qorqud” dastanındakı Oğuz igidlərinin qəhrəmanlığından bəhs edən boylar ozanlar tərəfindən geniş publika qarşısında ifa olunan bədii-estetik funksiyalı mətnlər olduğu halda, “Kitabi-Türkman lisani” oğuznaməsi ozanlar tərəfindən ancaq “40-lar”(“40 şagird”) məclisində oxunan və 40 neofit tərəfindən öyrənilən, əsasında “bəy-igidlik” imtahanı verilən “ərgənlik bitiyi”, “inisiasiya kodeksi”dir. “Kitabi-Türkman lisani”ni ilə “Kitabi-Dədə Qorqud” poetik struktur və mətn tipologiyasına görə tamamilə fərqli mətnlərdir. “Kitabi-Türkman lisani”ninin mətn strukturu istər onu təşkil edən elementlərin özü, istərsə də həmin elementlərin düzümü baxımından “Kitabi-Dədə Qorqud”un mətn strukturu ilə heç bir halda üst-üstə düşmür. Yəni bu əlyazma mətnləri tam fərqli poetik struktur tipologiyalarına malikdir və bu mənada “Kitabi-Türkman lisani” heç bir halda “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması hesab oluna bilməz. Sözügedən oğuznamə dil xüsusiyyətləri baxımından da bilavasitə “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi və əlyazması deyil.
Professor “Kitabi-Türkman lisani” oğuznaməsi əlyazmasının ayrı-ayrı alimlər tərəfindən Türkiyədə nəşr edilən 3 variantını “Dədə Qorqud” dastanı ilə müqayisəli şəkildə təhlil edərək, “boy”, “soy”, “yum” kimi janrların transmediativ informasiya vahidləri olduğu vurğulayıb, oğuznamədəki soyların ritual-mifoloji semantikasından da söz açıb.
Mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb, alim mövzu ilə bağlı sualları cavablandırıb.