Folklorşünas alim beynəlxalq elmi konfransda məruzə edib

Folklorşünas alim beynəlxalq elmi konfransda məruzə edib

29 Aprel 2024, 10:00 / Mühüm hadisələr

17-18 aprel 2024-cü il tarixlərində Moskva şəhərində Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi, Rusiya Federal dövlət büdcəli ali təhsil təşkilatı, A.N.Kosıgin adına Rusiya Dövlət Universitetinin Slavyan Mədəniyyəti İnstitutunun birgə təşkilatçılığı ilə “Humanitar elmlərdə sahələrarası tədqiqatlar: mədəniyyətin və incəsənətin vahid ənənəvi məkanı” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib. Konfransda Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq kimi şəhərlərinin elmi müəssisələrindən, Rusiya Federasiyası respublika və vilayətlərindən olan tanınmış elm adamları iştirak ediblər. Konfransda Rusiya Federasiyası elm mərkəzləri və ayrı-ayrı bölgələrdən gələn humanitar elm sahəsinin mütəxəssisləri ilə yanaşı, bir sıra xarici ölkələrdən, o cümlədən Belorus, Tacikistan, Serbiya, Yaponiyadan olan alimlər məruzə ilə çıxış ediblər. Hibrid formatda keçirilən konfransda iştirakçılara məruzələrini onlayn təqdim etmək üçün şərait yaradılıb.

AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil konfransda “Azərbaycan və rus folkloru materiallarında birlik konseptinin mədəniyyətlərarası aspekti” mövzusunda məruzə edib. Məruzədə müxtəlif janrlara aid Azərbaycan folkloru nümunələri Rusiya Federasiyası xalqlarının folkloru ilə müqayisəli şəkildə araşdırılıb və birlik konseptinin tərkibini müəyyənləşdirən semantik elementlər struktur-tipoloji baxımdan təhlil olunub, mədəniyyətlərarası aspektdə ortaq xüsusiyyətlər və səciyyəvi cəhətlər aydınlaşdırılıb.