Folklor İnstitutunun əməkdaşı “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfansda məruzə edib

Folklor İnstitutunun əməkdaşı “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfansda məruzə edib

26 Aprel 2024, 09:18 / Konfranslar, İclaslar

Aprelin 25-də Azərbaycan Milli Elmlər Akademiyası Qadınlar Şurasının və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə institutun akt zalında görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə, Biologiya və Tibb Elmləri Bölməsinin alimləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri, eləcə də Qadınlar Şurasının üzvləri və aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli 2023-cü ildə akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin, Biologiya və Tibb Elmləri Bölməsinin və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı və ölkə ictimaiyyətinin iştirakı ilə görkəmli oftalmoloq alimə həsr olunmuş silsilə konfransların keçirildiyini, nəşrlərin ərsəyə gətirildiyini söyləyib. Qeyd edib ki, həmin tədbirlər və monoqrafik tədqiqatlarla akademik Zərifə Əliyevanın misilsiz xidmətləri Azərbaycan cəmiyyətinə və dünya oftalmologiya elmi ictimaiyyətinə yenidən tanıdılıb.

Akademik İsa Həbibbəyli bildirib ki, Zərifə xanım görmə qabiliyyətinin bərpası ilə bağlı mühüm tədqiqatlar aparıb, Azərbaycan xalqının gözünə işıq olub və onun tədqiqatları ölkə başçısı tərəfindən ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”nə, yaşıl dünyamıza tam uyğundur.

Sonra AMEA-nın vitse-prezidenti, AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, AMEA-nın vitse-prezidenti v.i.e. akademik Gövhər Baxşəliyeva, AMEA Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə çıxış ediblər.

Giriş nitqlərindən sonra akademik Zərifə Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

Daha sonra məruzələr dinlənilib. Konfransda iştirak edən AMEA Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Türk düşüncəsi və ekofolklor” mövzusunda məruzə edib.