XƏBƏRLƏR
Folklor İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib
24 aprel 2024-cü il tarixində AMEA Folklor İnstitutunun Həmkarlar Təşkilatının (HT) hesabat-seçki iclası keçirilib. Tədbirdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova, AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova və institut əməkdaşları iştirak ediblər.
İclasın sədri, fil.e.d., prof. Seyfəddin Rzasoy Folklor İnstitutunun Həmkarlar Təşkilatının fəaliyyətinin əməkdaşların əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərini müdafiəsinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. O, yeni sosial proqramların hazırlanması və həyata keçirilməsinin vacibliyini qeyd edib.
İclasda Folklor İnstitutu Həmkarlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Tahir Orucovun son 7 illik fəaliyyətinin hesabatı dinlənilib. Hesabat qənaətbəxş hesab olunub.
Daha sonra gizli səsvermə yolu ilə Folklor İnstitutu Həmkarlar Təşkilatına yeni sədr və komitə üzvlərinin seçilməsi baş tutub. Folklor İnstitutu əməkdaşlarının gizli səsverməsinin nəticələrinə əsasən, fil.ü.f.d., dos. Aynur İbrahimova Həmkarlar Təşkilatının sədri, komitə üzvləri və nəzarət təftiş komissiyasının üzvləri yekdilliklə yeni heyətə seçiliblər.
Sonda AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova məruzə ilə çıxış edərək, akademiyada baş verən yenilikləri və aparılan islahatları diqqətə çatdırıb, əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində yeni seçilən sədr və komitə üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb.
AMEA Azad Həmkarlar İttifaqının keçiriləcək qurultayına Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanova və Folklor İnstitutu Həmkarlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Aynur İbrahimova nümayəndə seçiliblər.