“Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib

18 Aprel 2024, 20:35 / Konfranslar, İclaslar

Aprelin 18-də Folklor İnstitutunun təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açaraq iştirakçıları salamlayıb. Bildirib ki, biz iki qardaş xalqın nümayəndələriyik, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələr qədim tarixə və böyük ənənələrə malikdir. Akademik bu əlaqələrin daha da inkişaf etdirilməsi və hər iki ölkənin elmi qurumları arasında müştərək tədqiqatların aparılmasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən söz açıb.

Sonra Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabborov, Ürgənc Dövlət Universitetinin Özbək filologiyası fakültəsinin dekanı, professor Dilşad Qayipov və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri, professor Almaz Ülvi çıxış edərək, çağdaş dövrdə türk xalqları arasında mövcud olan ədəbi-mədəni əlaqələrin bu xalqların ortaq tarixi keşmişinə əsaslandığını qeyd edib, Azərbaycan və özbək xalqlarının bir-birinə qohumluq əlaqələrinin, dil, mədəniyyət, musiqi baxımından yaxınlığının bu əlaqələri daha da dərin və möhkəm etdiyini vurğulayıblar. 

Tədbirdə Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin professoru İslam Yaqubov, Ürgənc Dövlət Universitetinin professoru Nəsibə Sabirova, dosentlər Azamat Primov və Salamat Matkərimova, həmin universitetin Qadınlar Təşkilatının sədri, dosent Bəypaşa Rəhimova, AMEA Folklor İnstitutunun əməkdaşları – fil.e.d., dos. Qalib Sayılov, fil.ü.f.d., dos. Nail Qurbanov, fil.ü.f.d., dosent İlhamə Qəsəbova və institutun Qadınlar Təşkilatının sədri, fil.ü.f.d., dos. Aynur İbrahimova çıxış edərək, Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafından söz açıb, son illərdə iki ölkə arasında elmi-mədəni əlaqələrin daha da genişləndirildiyini bildiriblər.

Tədbir özbək şairi Cari Əvəzin “Ürəyinizdə yaşayıram” kitabının təqdimatı ilə yekunlaşıb.