Folklor İnstitutunda Elm Gününə həsr olunmuş tədbir çərçivəsində  Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib

Folklor İnstitutunda Elm Gününə həsr olunmuş tədbir çərçivəsində Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüş keçirilib

28 Mart 2024, 16:16 / Konfranslar, İclaslar

Martın 28-də AMEA Folklor İnstitutunda Elm Gününə həsr olunmuş tədbir çərçivəsində İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının Sumqayıt Dövlət Universitetinin tələbələri ilə görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru Xanım Mirzəyeva bildirib ki, 9 aprel 2018-ci il tarixində Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm Günü”nün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Həmin əlamətdar günün ölkədə yüksək səviyyədə keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Tədbirlər Planı qəbul etmişdir. Həmin Tədbirlər Planından irəli gələrək hər il Bakıda və regionlarda Elm Günü ilə əlaqədar müasir dövrün aktual problemlərinə həsr edilmiş elmi seminarlar, mühazirələr, o cümlədən sərgilər keçirilməkdədir.

 İnstitutun Klassik folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nail Qurbanov qeyd edib ki, hələ keçən əsrin 70-80-ci illərində ölkəyə rəhbərlik etdiyi vaxtlarda Ümummilli Liderimiz Heydər Əliyev elmin davamlı inkişafı üçün əsas prioritetləri müəyyən etmiş, məqsədyönlü tədbirlər həyata keçirmişdir. Ümummilli Lider hər zaman Azərbaycanın görkəmli elm xadimlərinin xidmətlərini yüksək qiymətləndirməklə onların fəaliyyətini stimullaşdırmışdır. Prezident İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətə başladığı gündən indiyədək Azərbaycanda elm sahəsinin fasiləsiz inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar proqramlarını özündə əks etdirən müxtəlif fərman və sərəncamlar imzalamışdır. Bu yaxınlarda “Elm haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi ölkəmizdə müstəqil olaraq elm siyasətinin aparılmasına hüquqi-siyasi təminat yaratmış və münbit elmi şəraitin yaradılması üçün zəmin təşkil etmişdir. Qanunda elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, məqsədləri və prioritetləri, elmi işçilərin hüquqları, vəzifələri və sosial müdafiəsi, elmi müəssisələrin və təşkilatların funksiyaları, ali məktəb və sahə elminin fəaliyyət istiqamətləri, yüksəkixtisaslı kadr hazırlığı sahəsində dövlət siyasətinin əsasları və s. kimi məsələlər geniş şəkildə öz əksini tapmışdır.

AMEA Folklor İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov çıxış edərək bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılması ölkəmizin elm həyatında baş verən ən önəmli və şərəfli hadisə olmuşdur. Azərbaycan cəmiyyətinin sonrakı bütün inkişaf mərhələsində Elmlər Akademiyası mühüm rol oynamış, bu elm məbədi ölkəmizdə ziyalı qüvvələrin formalaşdırılması, dünya elminə inteqrasiya, mühüm elmi nailiyyətlərin əldə olunması işinə töhfələr vermişdir. Azərbaycanın inkişafına dair həyata keçirilən bütün dövlət proqramlarının icrasında Milli Elmlər Akademiyası mühüm vəzifələrin əsas daşıyıcılarından biri kimi yaxından iştirak etmişdir.

AMEA Folklor İnstitutunun gördüyü işlər haqqında da ətraflı məlumat verən Elçin Abbasov müasir zamanda gənclərin elmə bağlanmasının zəruriliyini vurğulayıb, həmçinin tələbələri folklora, mənəvi irsə maraq göstərməyə səsləyib.

Tədbirdə çıxış edən AMEA Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Aygül Qurbanova və kadr üzrə mütəxəssis Elmiyyə Abdullayeva bildiriblər ki,  xalqımızın, dövlətimizin gələcəyinin gənclərimizin əlində olması labüd bir proses olduğu üçün onların üzərinə böyük bir məsuliyyət düşür və bu taleyüklü məsuliyyəti şərəflə daşımaq üçün gənclərimiz yorulmadan elm və təhsillə məşğul olmalı, daim maariflənməlidirlər.

Sonda Sumqayıt Dövlət Universitetinin tələbələrinin adından çıxış edən Əsgərov Elnur və Məcnunlu Mükafat tədbirin təşkili üçün AMEA Folklor İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasına öz minnətdarlıqlarını bildiriblər.