XƏBƏRLƏR
“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” adlı kitab çapdan çıxıb
AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlilov və həmin şöbənin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nubar Həkimovanın həmmüəllifliyi ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” adlı kitab çap olunub.
Kitabda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət quruculuğu sahəsindəki fəaliyyətindən və bu ardıcıl və məqsədyönlü fəaliyyət nəticəsində qeyr-maddi mədəni irsimizin öyrənilməsi, qorunması və təbliği sahəsindəki xidmətlərindən bəhs olunub.
Ulu Öndər Heydər Əliyevin mərasim mədəniyyətimizlə, folklorumuzla bağlı xidmətlərini rəsmi-siyasi, ictimai, elmi və hüquqi aspektlərdə təsnif edərək öyrənmək olar. Kitabda bu aspektlərin hər biri diqqətdə saxlanılıb. Heydər Əliyevin folklorla bağlı çıxışlarından, bayram təbriklərindən nümunələri və “Folklorun hüquqi qorunması haqqında qanun” mətnini də təqdim etmək məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən 202 səhifəlik kitabın redaktoru filologiya elmləri doktoru, dosent Sərxan Xavəridir.