XƏBƏRLƏR
Əməkdaşımız “Yaşıl dünyamızı qoruyaq” mövzusunda keçirilən konfransda məruzə edib
01 mart 2024-cü il tarixində AMEA Rəyasət Heyəti və Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) birgə təşkilatçılığı ilə “Yaşıl dünyamızı qoruyaq” mövzusunda konfrans keçirilib.
AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Akt zalında gerçəkləşən konfransda AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Azərbaycan folklorunda insan-təbiət münasibətləri” mövzusunda məruzə edib. O bildirib ki, təbiətə fitrətən doğma, yaradıcı münasibətimiz, folklor düşüncəmizin zənginliyi həm də təbiətə ilahi münasibətimizlə bağlıdır. Azərbaycan folklorunun demək olar, hər bir janrında insan-təbiət doğmalığından yaranan birliyin izlərini görmək olur. Hər hansı bir mətndə özünəinamlı, yaradıcı, fəhmli insan obrazı varsa, orada mütləq təbiətin təsiri var. İnsan-təbiət birliyi özünü demək olar, bütün janrlarda göstərir. Bu da təbiidir: insan təbiətdədir, bütün olaylar təbiətdə baş verir. İnsanın halı, halsızlığı, Xeyirliyi, Şərliyi təbiətdə ifadəsini tapır. Burada təbiətlə insanın qarşılıqlı birliyi var, bu birliyin canlı, yaradıcı təsirləri insanın təbiətə yadlığının, ya da doğmalığının dərəcəsini müəyyən edir. Folklorun bu və ya başqa çoxsaylı janrlarında insanın təbiətə doğmalığı, həyanlığı, dərdkeşliyi ilə yanaşı amansızlığı, ruhsuzluğu, səbirsizliyi, kobudluğu və s. var. Əcdad – İnsan təbiətdə özünü görür, ancaq bu, şübhəsiz, gerçəklikdə hamıya aid deyil. Folklor düşüncəsi ulusallığın bəşəriliyi təsdiq edən ölçüsünü yaradır, burada qətiyyən güzəşt yoxdur. Əcdad – İnsan təbiətə qarşı amansızlıq etdikdə səhvini anlayır, dərsini alır, sonrakı peşmançılıq isə fayda vermir. Azərbaycan folkloru örnəklərində bu cəhət qabarıq şəkildə görünür, bilinir. Ancaq mahiyyətcə təbiətlə bir olmaq, onun ağrı-acısını hiss etmək, təbiət kimi duymaq əcdadın fitri keyfiyyətlərindən idi. Başlıcası, əcdadın təbiətə münasibəti doğma idi, onun əzəli ritmi ilə yuxudan oyanır, yuxuya gedirdi. Təbiətin hər gününü təkrarsız bir ömür kimi yaşayırdı. Bu duyğular əcdadın ağlında, ürəyində ölmür, itmir, ardıcıl inkişaf edən hissiyyatında yeni çalarlar yaradır, hansısa əmək, əkinçi, sayaçı, sağın, ovçu, balıqçı, hana nəğmələrinə, mifə, əfsanəyə, rəvayətə, dastana, nağıla və s. çevrilirdi.
Folklorda doğadan (təbiətdən) qıraqda yaranan nəsə yoxdur, hamısı insanın təbiətdə var olmasının, təbiətlə fərəhlənməyinin, kədərlənməyinin ifadəsidir.
Əcdad düşüncəmizdə torpaq – müqəddəsləşən məkandır; torpaqda yaranan nə varsa, mənalandırılıb, dəyərləndirilib. Bu duyğu-düşüncənin yaradıcı inkişaf etdirilməsi çağımızda olduqca gərəklidir.
Təbiət səxavətlidir, insan ağacdan (meşədən), sudan (bulaqdan, göldən, dənizdən), torpaqdan, oddan və s. bəhrələnir, təbiətin balası olduğundan anasına qarşı çıxmır. Bu, insanın artıq ibtidailikdən çıxdığı, dil açdığı, ağlının yetkinləşməyə başladığı dövrdür. İnsan torpağın təkcə məhsul vermədiyini anlayır, mənəvilik (ruhsallıq) deyilən bir keyfiyyətin olduğunu görür, nəticədə torpağın Yurd, Vətən müqəddəsliyi yaranır; bu ilahi hal insanın ağlında yaranıb gerçəkləşir, vəsf olunur. Yaşadığı, əkib-becərdiyi, nemətlərini daddığı torpağın qoxusu onun üçün dünyanın ən gözəl ətri olur, çünki torpaq varlığını təsdiq edir...
Məruzədə Tanrıçılıqda, Novruz bayramında, dastanlarda, ümumən Azərbaycan folklorunun müxtəlif janrlarında insan-təbiət mövzusu ilə bağlı danışılıb.