“Azərbaycan folklorunda Xocalı mövzusu” adlı tədbir keçirilib

“Azərbaycan folklorunda Xocalı mövzusu” adlı tədbir keçirilib

26 Fevral 2024, 16:29 / Konfranslar, İclaslar

Fevralın 26-da Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində AMEA Folklor İnstitutu Qadınlar Təşkilatının tərəfdaşlığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Azərbaycan folklorunda Xocalı mövzusu” adlı anım tədbiri keçirilib.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin məqsədi Xocalı soyqırımı barədə məlumatlandırma və maarifləndirmə işlərinin aparılması, Azərbaycan tarixinə ən dəhşətli və faciəvi səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımının heç vaxt unudulmadığını göstərməkdən ibarət olub.

“Azərbaycan folklorunda Xocalı mövzusu” adlı tədbirdə AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova, Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Leyla Məmmədova, Folklor İnstitutu Qadınlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova, institutun digər əməkdaşları və Bakı Dövlət Universitetinin Ekologiya fakültəsinin tələbələri iştirak ediblər.

Tədbirdə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərinə hücumundan, beynəlxalq humanitar hüquq normalarını pozaraq şəhərə zirehli texnika yeridilməsindən, dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıqla divan tutulmasından, Xocalı sakinlərinin qanunsuz olaraq mülkiyyətlərindən məhrum edilməsindən bəhs edilib. Daha sonra Folklor studiyasının hazırladığı “Xocalı fəryadı” adlı sənədli film nümayış olunub.