Əməkdaşımız Bakı Slavyan Universitetində keçirilən tədbirdə məruzə edib

Əməkdaşımız Bakı Slavyan Universitetində keçirilən tədbirdə məruzə edib

22 Fevral 2024, 14:19 / Mühüm hadisələr

Fevralın 21-də AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova Bakı Slavyan Universitetinin İbtidai təhsil kafedrası tərəfindən həyata keçirilən “Auditoriya +” layihəsi çərçivəsində təşkil olunan seminarda qonaq qismində iştirak edib. Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbirdə Nigar Həsənova “Dilimiz mənəviyyatımızdır” mövzusunda məruzə ilə çıxış edib. Əməkdaşımız çıxışı zamanı dilimizin zənginliyindən söz açıb, bu zənginliyi sübuta yetirən, dilimizin saflığını qoruyub saxlayan folklor nümunələrini önə çəkərək təhlilə cəlb edib. Qeyd edib ki, folklor dilinin lüğət tərkibi ədəbi dilin ilkin mərhələsidir. Milli ədəbi dilimiz xalq dilinin tükənməz söz xəzinəsinin hesabına zənginləşib. Folklor dilində müşahidə edilən dil faktları xalqımızın qədim mədəniyyətini, məişətini, etnoqrafiyasını öyrənməyə əsas verir.

Sonda İbtidai təhsil kafedrasının müdiri Aytəkin Axundova maraqlı məruzəyə görə qonağa təşəkkürünü bildirib.