XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Dövlət İmtahan Mərkəzi tərəfindən mükafatlandırılıb
25 yanvar 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif təşkilatların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının vacib olduğunu bildirib. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, onların imtahanlarda daha bacarıqlı və layiqli gənclərin seçilməsində xidmətlərindən danışıb.
Sonra nümunəvi fəaliyyətinə görə 1953 nəzarətçi müəllimə təşəkkür elan edilib, o cümlədən 26 zal nəzarətçisi, 6 imtahan rəhbəri Fəxri fərmanla təltif edilib. Tədbirdə AMEA Folklor İnstitutunun Təhsil şöbəsinin baş mütəxəssisi Sevinc Hüseynova da imtahan rəhbəri vəzifəsini nümunəvi yerinə yetirdiyinə görə Fəxri fərmanla təltif olunub.