“Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə” kitabı  nəşr olunub

“Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə” kitabı nəşr olunub

18 Yanvar 2024, 13:10 / Nəşrlər

Bugünlərdə AMEA Folklor İnstitutunun əməkdaşları – filologiya elmləri doktoru, dosent Sərxan Xavəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayev və filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin həmmüəllifliyi ilə “Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə” kitabı çapdan çıxıb.

Kitabın fil.e.d. dos. Sərxan Xavəri tərəfindən yazılmış “Məkan və məna paradiqmalarında Zəngəzur folklorunun lirik kodu” adlı birinci fəslində  ilk dəfə olaraq Zəngəzur folkloru xalqın tarixən məskunlaşdığı coğrafi ərazi ilə (siyasi-inzibati xəritə) onun yaratdığı mədəniyyət arasında qarşılıqlı dialektik münasibətlər kontekstində araşdırılıb, xalqın lokallaşdığı coğrafi ərazi (təbii landşaft) ilə onun yaratdığı mədəniyyət arasındakı münasibətlər sosial-antropoloji mənada götürülən “məkan” və “məna” kateqoriyalarının baxış bucağında nəzərdən keçirilib.

Tədqiqatın fil.ü.f.d., dos. Səfa Qarayev tərəfindən yazılmış “Qeyri-şüuri psixoloji reaksiyaların folklorda simvolik proyeksiyası: “Xıdır Nəbi”dən “Novruz”a, “Hal Anası”ndan “Qurd Donlu Qadın”a məna axtarışı (Zəngəzur və Qarabağ materialları əsasında)” adlanan ikinci fəslində psixosemantik məna axtarışı kontekstində Zəngəzur və Qarabağ ərazisindən toplanılmış folklor materialları tədqiq olunub. Sosial-antropoloji tədqiqatlarda ayrıca bir istiqamət olan psixoanalitik məna axtarışı ilə bağlı araşdırmaların nəzəri postulatları Ziqmund Freyd, Geza Roheym, Karl Abram, Otto Rank, Melanie Kleyn, Alan Dundes, Simon Brunner və başqa psixoanalitik-antropoloqların insanın metaforik və simvolik kontekstdə özünüifadəsi ilə bağlı nəzəri yanaşmalarına əsaslanır. Bu nəzəri kontekstdə Zəngəzur və Qarabağ materialları əsasında Novruz bayramı ərəfəsində icra olunan mərasimi davranışların semantikası öyrənilib.

Kitabın fil.ü.f.d., dos. Hikmət Quliyev tərəfindən yazılmış “Folklor və metafolklor münasibətləri kontekstində məna axtarışı (Zəngəzur və Qarabağ materialları əsasında)” adlı üçüncü hissəsində Zəngəzur və Qarabağdan qeydə alınmış Molla Nəsrəddin lətifələri sosial-antropoloji yanaşmalar əsasında tədqiqata cəlb olunaraq folklorşünaslıq baxımından bir sıra mühüm nəticələr əldə edilib. Müəllif ilk dəfə olaraq Amerika folklorşünası Alan Dundes tərəfindən irəli sürülən “metafolklor” konsepsiyası əsasında Molla Nəsrəddin lətifələrini diqqət mərkəzinə gətirib, həm Azərbaycan folkloru, həm də türk dünyası miqyasında mətnləarası variantlar perspektivindən təhlillər aparıb.

Bütövlükdə, kitab Zəngəzur folklorunun müasir nəzəri-metodoloji yanaşmalar kontekstində tədqiqi, kollektiv mədəni düşüncənin metaforik-simvolik təzahürlərinin araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ətraflı linkə (https://science.gov.az/az/news/open/27728) keçid edərək baxa bilərsiniz.