Folklor İnstitutunun dosenti Nubar Həkimova İstanbulda keçirilən tədbirdə mükafatlandırılıb

Folklor İnstitutunun dosenti Nubar Həkimova İstanbulda keçirilən tədbirdə mükafatlandırılıb

29 Dekabr 2023, 00:06 / Mühüm hadisələr

Dekabrın 26-da Türkiyənin İstanbul şəhərində “Usuboğlu Qrup” şirkətinin İdarə Heyətinin sədri Samiral Usuboğlunun təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi qala gecəsi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan mərasim keçirilib. “Bir millət, iki dövlət” – Azərbaycan və Türkiyəyə həsr olunan tədbirdə ictimai-siyasi xadimlər, sahibkarlar, incəsənət adamları, yazıçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və media mənsubları iştirak ediblər.

Tədbir hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb. Aparıcılar Buket Sevinc Aykın və Xanlar Mehdiyevin açılış nitqlərindən sonra Türkiyə Cümhuriyyətinin 100 illiyi və Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən videoçarxlar nümayiş etdirilib.

Xüsusi mükafatlandırma mərasimində çıxış edən “Usuboğlu Qrup” şirkətinin sədri Samiral Usuboğlu Türkiyə Cümhuriyyətinin qurulmasının və bütün türk dünyasının böyük siyasi xadimi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının100 illik yubileyini anmağın, belə tədbirlərin keçirilməsinin gələcəyə ümidlə baxmaqda bənzərsiz bir təcrübə olduğunu qeyd edib. Mükafat alanların sırasında AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nubar Həkimova da olub.

Qeyd edək ki, tədbirdə şəhid general Polad Həşimovun anası Səmayə Həşimova, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) İdarə Heyətinin sədr müavini Pərviz Məmmədzadə və digərləri iştirak ediblər.

Bədii hissə ilə davam edən tədbirdə incəsənət ustalarının ifasında təqdim olunan musiqi nömrələri iştirakçılara unudulmaz anlar yaşadıb.