XƏBƏRLƏR

Folklor İnstitutunun professoru Ramazan Qafarlının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr etdiyi şeir
QAYTARDIN ELİMİN NAMUS, ARINI
Düşmənlar taladı yurdun varını,
Dəmir yumruğunla kəsilib qənim
Qaytardın elimin namus, arını,
Ad günün mübarək, liderim mənim!
Otuz il işğalda qalmışdı vətən,
Əmrinlə döyüşə girdi ordumuz.
Yox idi dünyada bir dada yetən,
Xilaskarı tapdı əsir yurdumuz.
Sənin simanda biz Babəki gördük,
Gördük Xətaini, qoç Koroğlunu.
Çiçəklənən yurdda xoş ömür sürdük,
Elimiz yetirmiş igid oğlunu.
Dəmir yumruğunu başına vurdun,
Düşmənlər sərildi, işləri bitdi.
Dünyada əvəzsiz bir ordu qurdun,
Qırx dörd günlük savaş zəfərlə bitdi.
Dostun Ərdoğanla tutub əl-ələ
Haqqı tapdayanın verdin dərsini.
Görüləsi işlər nə çox var hələ,
Qalır itirənlər imanı, dini.
Türkün birliyini düşünüb quran
İki liderimiz arxa, dağımız.
Hər yerdə düşmənə zərbələr vuran
Qoşa yumruq kimi var yarağımız.
RAMAZAN QAFARLI
AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri,
filologiya elmləri doktoru, professor
24 dekabr 2023-cü il