XƏBƏRLƏR
Əməkdaşlarımız “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfransda iştirak ediblər
19-20 dekabr 2023-cü il tarixlərində Bakı Dövlət Universitetində (BDU) həmin universitetin Tarix fakültəsinin təşkilatçılığı ilə “Türk dünyası: ortaq tarixi-mədəni dəyərlər, müasir reallıqlar və gələcəyə baxış” mövzusunda I Beynəlxalq elmi konfrans keçirilib. Konfransda AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Nigar Həsənova, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu və Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova iştirak ediblər.
Konfransın “Türk xalqlarının ortaq tarixi-mədəni dəyərləri elmi əsərlərdə və bədii ədəbiyyat nümunələrində” adlı bölmə iclasında çıxış edən əməkdaşlarımızın məruzələri maraqla qarşılanıb.
Dos. Nigar Həsənova “Molla Pənah Vaqifin poeziyasında linqvopoetik xüsusiyyətlər” mövzusunda məruzəsində qüdrətli söz ustasının yaradıcılığına nəzər salıb, şairin poetik dilində işlənmiş bədii təsvir və bədii ifadə vasitələrini şeirlərdən nümunələrlə təhlilə cəlb edib. O, məcazın növlərindən dəqiqliklə istifadə olunmuş Vaqif poeziyasının şirinliyindən söz açıb.
Dos. Elçin Qaliboğlu “Azərbaycan muğamının açımı: poeziyada, fəlsəfədə, publisistikada, elmdə” mövzusunda məruzə ilə çıxış edib. “Azərbaycan muğamının açımı mahiyyətcə fəlsəfilik tələb edir. Muğam ali musiqi örnəyidir. Muğamın mahiyyətində şərqilik var, ancaq ayrıca “Azərbaycan muğamı” anlayışı bu musiqinin daha ciddi, bənzərsiz ifadəçisi olduğumuzu göstərir. Muğamın mahiyyətindəki həqiqət, insanlıq ölçüsü ruhumuzu gözəl, aydın ifadə edir. Sabahımızda bu ölçü daha gərəkli olacaq, ona görə ki, insanlıq tələbi, gözəlliyi bitmir, tükənmir”, – deyə əməkdaşımız çıxışında bildirib.
“Kitabi-Dədə Qorqud” – milli mədəniyyət və mənəviyyat abidəsi” mövzusunda məruzə edən dos. Aynurə Səfərova “Kitabi-Dədə Qorqud” dastanının xalqımızın milli-mədəni tarixindəki mühüm mövqeyindən bəhs edib. Əməkdaşımız “Türkü türk edən, bizi biz edən nə varsa, hər bir detalın bu möhtəşəm abidədə mövcud olduğunu” vurğulayıb, dastandan gətirilən örnəklər əsasında türk ailəsinin, türk toplumunun milli-mənəvi dəyərlərini sərgiləyən maraqlı detalları təhlil edərək gəlinən nəticələri ümumiləşdirib.