Folklor İnstitutunun əməkdaşı İstanbulda keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Folklor İnstitutunun əməkdaşı İstanbulda keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

19 Dekabr 2023, 15:05 / Mühüm hadisələr

13-15 dekabr 2023-cü il tarixlərində Türkiyə Maarif Vəqfi, Tiran Nyu-York Universiteti, Balkan Tədqiqat Mərkəzi, İstanbul Universiteti, Türk Dil Qurumu, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə II Beynəlxalq Balkanlarda Türkcə Tədris və Türkologiya Simpoziumu keçirilib. İstanbul Universitetinin ev sahibliyi ilə “Mədəni qarşılıqlı əlaqə” mövzusunda təşkil olunan simpoziumun keçirilməsində məqsəd türkcənin öyrədilməsi və türkologiya fəaliyyətləri başda olmaqla sosial elmlərin müxtəlif sahələrində Balkanlarla bağlı tədqiqat aparan elm adamlarının bir araya gətirilməsi, mədəni kontekstdə ortaya qoyulan əsərlərin, çalışmaların təsbit edilməsi, dəyərləndirilərək ictimaiyyətə təqdim edilməsi olub. Simpoziuma Xorvatiya, Bosniya və Herseqovina, Azərbaycan, Rumıniya, Bolqarıstan, Şimal Makedoniya, Albaniya, Kosova, Yunanıstan, Qırğızıstan və Qazaxıstan da daxil olmaqla, ümumilikdə 20 fərqli ölkədən alim və araşdırmaçılar qatılıb. Simpoziumda “Anadoludan Balkanlara mədəni qarşılıqlı əlaqə” və “Dil və ədəbiyyatda mədəni qarşılıqlı əlaqə” başlıqlı iki panellə bərabər, “Balkanlarda türkologiyaya dair tədqiqatlar”, “Balkan ədəbiyyatında türk mədəniyyətinin izləri”, “Türkcənin xarici dil olaraq öyrədilməsi”, “Balkanlarda türkcənin təhsil-təlim çalışmaları” kimi mövzularda sessiyalar da gerçəkləşdirilib.

Simpoziumda AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Məleykə Məmmədova da iştirak edib. Əməkdaşımız “Balkan ədəbiyyatında türk mədəniyyətinin izləri” adlı sessiyada “Balkanlardan Azərbaycana türk xalq mədəniyyətində doğum ritualları” mövzusunda məruzə ilə çıxış edib və təşəkkürnaməyə layiq görülüb.