Əməkdaşımız Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edib

Əməkdaşımız Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirlərində iştirak edib

15 Dekabr 2023, 23:19 / Mühüm hadisələr

12-14 dekabr 2023-cü il tarixlərində Daşkənd şəhərində Özbəkistan Elmlər Akademiyasının 80 illiyinə həsr olunmuş yubiley tədbirləri keçirilib. Tədbirlərdə AMEA Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri, Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Aynur İbrahimova iştirak edib.

Yubiley tədbirlərinin təntənəli açılış mərasimində əvvəlcə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin təbrik məktubu oxunub.

Sonra Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Behzod Yuldaşev giriş sözü ilə çıxış edib.

Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Azərbaycan və Özbəkistan arasında bütün sahələrdə olduğu kimi elm sahəsində də əlaqələrin daim inkişaf etdiyini bildirib. Təkcə Azərbaycanla Özbəkistan deyil, ümumiyyətlə Türk dünyasının bütün ölkələrinin elmi qurumları arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb və özbəkistanlı həmkarlarını təbrik edib.

Açılış mərasimində, həmçinin Türkiyə, Qazaxıstan, Monqolustan, Çin, Qırğızıstan, Tacikistan, Rusiya, Belarus, Tatarıstan Elmlər Akademiyalarının prezidentləri və vitse-prezidentləri çıxış ediblər.

Tədbirdə Özbəkistan EA-nın 80 illik tarixi yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Açılış mərasimindən sonra Özbəkistan incəsənət ustalarının konserti olub.

Yubiley tədbirləri  çərçivəsində əməkdaşımız Özbəkistan Fənlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunu ziyarət edib. O, Folklor şöbəsinin müdiri, professor Şomirzə Turdiyevlə və institutun əməkdaşları ilə görüşüb, institutlararası elmi əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, elektron məlumat və elmi nəşrlərin mübadiləsi müzakirə edilib və qarşılıqlı olaraq kitablar hədiyyə edilib.

Daha sonra əməkdaşımız sözügedən institutun zəngin arxivi və unikal fondu ilə tanış olub.