XƏBƏRLƏR
Folklor İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib
12 dekabr 2023-cü il tarixində AMEA Folklor İnstitutunda Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən institutun Nəşriyyat şöbəsinin müdiri Mahir Cavadov Ulu Öndər Heydər Əliyevin müasir müstəqil dövlətimizin qurulmasında misilsiz xidmətlərindən danışıb. “Fəlsəfədə dahiləri niyyətlərinin, işlərinin böyüklüyü çoxlarından fərqlənənlər, üstün olanlar, tarixdə hamıdan və hər şeydən artıq heyrətə gətirən konkret varlıqlar kimi dəyərləndirirlər. Başqa mənada, uğur qazanmağın bir yolu da məhz heyrətləndirmək bacarığındadır. Bu bacarıq olmadan inandırmaq, təlqin etmək və ən sonda uğur qazanmaq mümkünsüzdür. Ümummilli Lider Heydər Əliyev də dünyanın bəşəri dəyərlərə malik nadir şəxsiyyətlərindəndir. Onun istər respublikamızda birinci hakimiyyət dövrü, istərsə də xilaskarlıq missiyasını yerinə yetirdiyi illər Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bu gün müstəqil dövlət kimi varlığımız, bütöv Vətən kimi mövcudluğumuz Heydər Əliyev siyasətinin nəticəsi və təntənəsidir”, – deyə məruzəçi vurğulayıb.
Sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Heydər Əliyev: milli-tarixi yaddaş və ədəbi proses” mövzusunda məruzə edib. O bildirib ki, Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqının tarixi, ədəbiyyatı və taleyi ilə o qədər qaynayıb-qarışıb ki, ondan söhbət açarkən əslində xalqın tarixindən, ədəbiyyatından danışmış oluruq. Heydər Əliyevin vətəndaşlıq hissi, doğma Vətəninə, xalqına qayğısı, ədəbiyyatına bağlılığı onun ən ali keyfiyyətlərindən olub. Ümummilli Lider hakimiyyətinin həm sovet, həm də müstəqillik dövründə Azərbaycan dilini, ədəbiyyatını daim dəyərləndirib. Məruzəçi vurğulayıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun tərkibində kiçik bir şöbə kimi fəaliyyət göstərən Folklor şöbəsinin məhz Heydər Əliyevin xeyir-duası ilə ayrıca bir instituta çevrilməsi Azərbaycan folklorşünaslıq elminin qorunması və inkişafına böyük töhfədir.
Daha sonra institutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədova və Mifologiya şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Ramil Əliyev çıxış edərək Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən, onun Azərbaycan elminə verdiyi dəyərdən, ədəbi-mədəni irsin qiymətləndirilməsi və sistemli şəkildə təbliğ olunması sahəsində gördüyü işlərdən söz açıblar.