Folklor İnstitutunun əməkdaşları Antalyada keçirilən beynəlxalq konqresdə iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları Antalyada keçirilən beynəlxalq konqresdə iştirak ediblər

05 Dekabr 2023, 16:19 / Müsahibələr, çıxışlar

30 noyabr-3 dekabr 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində IV Beynəlxalq türk dünyası mühəndislik və fənn elmləri konqresi keçirilib. Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümünə həsr edilən konqres nəinki Antalyada, eləcə də Türkiyədə son illərdə keçirilən ən böyük tədbirlərindən biri olub, ölkənin elmi-mədəni həyatında mühüm rol oynayıb.

Konqresə dünyanın 15-dən çox ölkəsindən, o cümlədən ABŞ, İngiltərə,  Misir, Birləşmiş Ərəb Əmirlikləri, İran, Kosova, Livan, Fələstin, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan nüfuzlu elm adamları qatılıblar. Konqresə ümumilikdə 2 mindən çox  elmi məqalə göndərilib, lakin onlardan  400-ü  hakimlər tərəfindən dəyərləndirilərək tədbirin proqramına salınıb.

Sözügedən konqresdə Azərbaycanı AMEA Folklor İnstitutunun əməkdaşları – Müasir folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov və Mərasim folkloru şöbəsinin böyük elmi işçi Xəzangül Məmmədova təmsil ediblər. Tədbirin “Cümhuriyyət” salonunda fil.ü.f.d., dos. Tahir Orucovun “Orta əsr İslam ölkələrində riyaziyyat: yeni yanaşmalar və inkişafa doğru”, “Sivas” salonunda isə böyük elmi işçi Xəzangül Məmmədovanın “İslam dinində və elmdə riyaziyyat: ədədlər, rəqəmlər, onların sirli və mistik mənaları” mövzusunda məruzələri dinlənilib.

Əməkdaşlarımız etdikləri məruzələrə görə Türk Eğitim-Sen və UAESEB sədri Talip Geylanın və konqresin başqanı Prof. Dr. Seyhan Fıratın imzaları ilə Təşəkkürnamə ilə təltif olunublar.

IV Beynəlxalq türk dünyası mühəndislik və fənn elmləri konqresi” dekabrın 3-də öz işini uğurla başa çatdırıb.