AMEA Folklor İnstitutunun əməkdaşı “Tədqiq və Tətəbbö Cəmiyyəti: diyarşünaslıq araşdırmalarından fundamental elmi tədqiqatlaradək” mövzusunda konfransda iştirak edib

AMEA Folklor İnstitutunun əməkdaşı “Tədqiq və Tətəbbö Cəmiyyəti: diyarşünaslıq araşdırmalarından fundamental elmi tədqiqatlaradək” mövzusunda konfransda iştirak edib

30 Noyabr 2023, 18:00 / Konfranslar, İclaslar

Noyabrın 30-da AMEA-nın Rəyasət Heyətində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Tədqiq və Tətəbbö Cəmiyyəti: diyarşünaslıq araşdırmalarından fundamental elmi tədqiqatlaradək” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva Azərbaycan elminin və mədəni-maarif işinin inkişafında böyük rol oynamış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş konfransın əhəmiyyətini qeyd edib, cəmiyyətin XX əsrdə Azərbaycan elminin təşəkkülündəki, bütün elm sahələri üzrə təşkilatlanaraq Azərbaycanın, onun dilinin, tarixinin, folklorunun, adət-ənənələrinin, təbiətinin, geologiyasının öyrənilməsindəki rolundan danışıb.

Konfransda AMEA Folklor İnstitutunun direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanlı da iştirak edib. “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində azsaylı xalqların folkloru” mövzusunda məruzə ilə çıxış edən əməkdaşımız bildirib ki, azsaylı xalqlar, onların tarixi, həyatı və məişəti, folkloru, bir sözlə, maddi və mənəvi mədəniyyətinin tədqiqi ilk gündən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin öyrəndiyi əsas problemlərdən birinə çevrilib, cəmiyyətdə azsaylı xalqlarla birbaşa məşğul olan komissiyalar və ya altkomissiyalar yaradılıb. Dos. Afaq Ramazanova Cəmiyyətin azsaylı xalqları tədqiq edən komissiyalarının fəaliyyəti haqqında arxiv materiallarına əsaslanan maraqlı faktları da diqqətə çatdırıb.

Tədbirdə, həmçinin AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Güntəkin Binnətovanın “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dialektoloji araşdırmalar”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Asif Rüstəmlinin “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranma tarixi və ilk təsisçiləri”, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor İkram Ağasiyevin “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanda tarix elminin inkişafında rolu”, Şərşünaslıq İnstitutunun direktor müavini, fil.ü.f.d., dos. Ruhəngiz Cümşüdlünün “Azərbaycan elminin inkişaf tarixində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yeri və rolu” və Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəl.ü.f.d., dos. Faiq Ələkbərlinin “Azərbaycanda fəlsəfə tarixçiliyi: problemləri və həlli yolları” mövzusunda məruzələri də dinlənilib.