Folklor İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Folklor İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

01 Dekabr 2023, 16:00 / Mühüm hadisələr

Noyabrın 23-24-də Türkiyənin İstanbul şəhərində “Uluslararası türk xalqlarının mühacirət ədəbiyyatı” simpoziumu keçirilib. İstanbul Universiteti, Türkiyyat Araşdırmaları İnstitutu və İstanbuldakı Azərbaycan “Eğitim, Kültür və Sosial Dayanışma Dərnəyi”nin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda dünyanın 17 ölkəsindən 40-dan artıq alim iştirak edib.

Simpozium türk xalqlarının ərazi bütövlüyü və azadlığı uğrunda həyatını qurban verən şəhidlərin ruhuna bir dəqiqəlik sükut və sayğı duruşu ilə başlayıb. Sonra Türkiyə Cümhuriyyətinin və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.

Simpoziumun plenar iclasını giriş sözü ilə dərnəyin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Şərqiyyə Məmmədli açıb, sonra İstanbul Universitetinin rektoru, professor Osman Bülənd Zülfiqar, Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Mustafa Balcı, Azərbaycanda Cümhuriyyətin çökməsi və sovet siyasi sisteminin qurulmasından sonra Türkiyəyə sığınan İstanbul Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının başqanı, professor Əhməd Cəfəroğlunun qızı, Sabancı Muzeyinin müdiri, professor Nazan Ölçer, Azərbaycanın millət vəkili, AMEA-nın həqiqi üzvü Rafael Hüseynov çıxış edərək belə tədbirlərin keçirilməsinin çox önəmli olduğunu vurğulayıblar.

İki gün davam edən simpoziumda Prof. Dr. Yavuz Akpınarın “Azərbaycan mühacirət ədəbiyyatının ilk təmsilçilərindən Cəlal Ünsi”, Prof. Dr. Abdulhamit Avşarın  “Miqrasiya fenomeninin milli şüurda rolu: Kayseri uyğurları örnəyi”,  Prof. Dr. Səbahəddin Şimşirin “Türkiyədə Azərbaycan mühacirət ədəbiyyatının formalaşmasında 28 May istiqlal və 27 aprel işğal günlərinin rolu”,  Prof. Dr. Atilla Jormanın “Görkəmli şair Mehmet Sadıq Aran”, Prof. Dr. Salavat İshakovun “Qafqaz, Krım, İdil-Ural bölgəsi və Türküstanın mühacirətdəki siyasiləri: ədəbiyyat və təbliğat”, akademik Rafael Hüseynovun “Köç ədəbiyyatının Azərbaycan fenomeni: vətəndən vətənə mühacirətin bədii və elmi mirası”, Prof. Dr. Vaqif Sultanlının “Azərbaycan mühacirət ədəbiyyatında memuar: mövzu hüdudları və janr özəllikləri”, Prof. Dr. Bədirxan Əhmədlinin “Azərbaycan mühacirət mətbuatında milli mücadilə ədəbiyyatının yaranması və formalaşması məsələləri”, Prof. Dr. Əhməd Sami Elaydinin “Misirdə tatar türklərinin ədəbiyyatı: Musa Carullah Bigiyevin ədəbi-kulturoloji mirası”, Dos. Dr. İzzətullah Zəki və Dr. Firuz Fevzinin “Güney Türküstan türklərinin köç və ədəbi kulturoloji fəaliyyətləri”, Dos. Dr. Bakıtgül Kuljanovanın “Misirdə yaranan Altun Orda ədəbiyyatı”, Dos. Dr. Rüstəmcan Cabbarovun “Əlişir Nəvai dönəmində Xorasan çevrəsində Azərbaycan mühacirət ədəbiyyatı”, Dr. Orhan Arasın “Almaniyadakı türklərin ədəbi axtarışlarına qısa bir baxış”,  Dos. Dr. Nouşad Mançeri Kırıkkalın “Hindistandakı türk ədəbiyyatının əks-sədası və izləri”, Dr. Səadət Kəriminin “Qərbi Avrpada türk köçmən ədəbiyyatının mövzuları, önəmi və problemləri”, Dr. İrəc İsmayılın “Turxan Gəncəyinin ədəbi-kulturoloji irsi”, Dos. Dr. Tohid Məlikzadənin “Rza Beraheninin yaradıcılığı”, Dos. Dr. Nəzirə Sultanəliyevanın “Köçəri xalqlarının kültüründəki bənzərliklər”, Dr. Dürdanə Rəsulovanın “Mövlana Yusif Qarabağinin həyatı və elmi irsi haqqında” və digər məruzələr maraqla qarşılanıb.

Simpoziumda AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Əhməd Cəfəroğlunun folklor araşdırmaları sovet ideoloji basqısı kontekstində” adlı məruzəsi dinlənilib və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Simpoziumun sonuncu günü iştirakçılar İstanbuldakı Hüseyn Cavid adına Azərbaycan məktəbini ziyarət edib, tədris ocağının fəaliyyəti ilə yaxından tanış olublar.