Folklor İnstitutunun əməkdaşları “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak ediblər

Folklor İnstitutunun əməkdaşları “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak ediblər

24 Noyabr 2023, 18:00 / Mühüm hadisələr

23-24 noyabr 2023-cü il tarixlərində Naxçıvan şəhərində “Qərbi Azərbaycana qayıdış” adlı festival və “Qərbi Azərbaycana qayıdışa gedən yol” mövzusunda konqres keçirilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən festival-konqresdə bir sıra rəsmi şəxslərlə yanaşı, ictimaiyyət xadimləri, ölkəmizin və qardaş Türkiyənin nüfuzlu ali məktəblərinin rektorları, görkəmli tədqiqatçılar iştirak ediblər.

Festival-konqresdə AMEA Folklor İnstitutunun əməkdaşları – Qərbi Azərbaycan folkloru şöbəsinin müdiri, eyni zamanda Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı, fil.ü.f.d., dos. Əziz Ələkbərli, həmin şöbənin aparıcı elmi işçiləri fil.ü.f.d. Əpoş Vəliyev və fil.ü.f.d., dos. Nigar Həsənova, Sənədlərlə iş şöbəsinin müdiri Afaq Mustafayeva, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Məleykə Məmmədova və Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Tahir Nəsib iştirak ediblər. 

Konqresdə “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan dil faktları və toponimikası”, “Qərbi Azərbaycanda elm və təhsil” və “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri” adlı bölmə iclaslarında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, iqtisadiyyatı və digər müxtəlif sahələrinin araşdırılması istiqamətində çoxsaylı məruzələr dinlənilib.

Bölmə iclaslarında əməkdaşlarımız – Məleykə Məmmədova “Naxçıvan və İrəvan Çuxuru folkloru kontekstində toy mərasimləri”, Afaq Mustafayeva “Dərələyəzin böyük el sənətkarı: Aşıq Cəlil”, Əpoş Vəliyev “Qərbi Azərbaycan: folklor da bir tarixdir”, Tahir Nəsib isə “Epik təhkiyədə və Şörəyel-Ağbaba oyun-mərasimlərində tarixi-mifoloji qatların təzahür xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Festivalda Qərbi Azərbaycana məxsus folklor nümunələrindən ibarət kompozisiyalar, kitab sərgisi, kulinariya və maddi mədəniyyət nümunələrindən ibarət stendlər, Qərbi Azərbaycan mahnıları və folklor nümunələrindən ibarət konsert proqramı, Qərbi Azərbaycana həsr edilən filmlərin nümayişi və digər tədbirlər yer alıb.