Bütün yollar Qarabağa aparır

Bütün yollar Qarabağa aparır

Mən əslən cənab Prezident İlham Əliyevin də dəfələrlə dediyi kimi Qarabağın "İkinci Stalinqradı" və “Qəhrəman şəhər” adlandırdığı Tərtər şəhərindənəm. Birinci Qarabağ müharibəsi mənim uşaqlıq dövrümə təsadüf edib. Yaxşı xatırlayıram ki, gecə-gündüz Tərtərin üzərinə dolu kimi yağan "Qrad"lar, mərmilər, güllələr sanki Dantenin "Cəhənnəm"ini xatırladırdı. Ancaq heç kim şəhəri tərk etmir, hər kəs öz işi ilə məşğul olur, həyat öz axarında davam edirdi. Bir sözlə, hərə bir vasitə ilə öz doğma Tərtərini düşməndən qorumağa çalışırdı…
Bəzən avtomatlar, silah çatmayanda insanlar ov tüfəngləri, hətta “TOZ” silaharı ilə səngərdə ermənilərlə ölüm-dirim savaşı aparırdılar. Məhz Tərtər camaatının bu qəhrəmanlğı sayəsində Tərtər sanki yenilməz bir qalaya çevrildi, düşmənə baş əymədi, təslim olmadı. Bütün bunlardan başqa, çox əlamətdar hal bundan ibarət idi ki, heç bir qarış torpağını erməni daşnaqlarına verməyən qəhrəman tərtərlilər o zaman Dağlıq Qarabağın inzibati-ərazi bölgüsünə daxil olan 10-a yaxın kəndini-Marquşavan, Marağa, Çaylı, Həsəqaya, Göyarx və s. kəndlərini öz ərazisinə qata bilmişdi. Bu, o dövr üçün çox böyük qəhrəmanlıq, igidlik simvolu sayılırdı.
Ancaq bu rəşadət yüzlərlə igid tərtərlilərin, o cümlədən Azərbaycanın Milli Qəhrəmanları- Vəzir Orucov, Elman Məmmədov, Ədalət Paşayev, Şikar Şikarov, Mehrac Quliyev və Evarist Paşayevin və başqalrının qanları bahasına başa gəldi...
Sonra məlum atəşkəs rejimi başandı, və uzandıqca uzandı. Ancaq keçən 27 ildə özünə “azərbaycanlı” deyən hər bir Azəri türkünün dilindən "Qarabağ" sözü düşmədi. Nədən danışırıqsa danışaq, hara gediriksə gedək, bütün yollar bizi Qarabağa aparırdı. Nəhayət, bu ilin 27 senyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın erməni işğalçılarından təmizlənməsinə başlanıldı…
Ömür Vətən üçün yaşanılır və hər insanda bu məqamların varlığı da Vətən üçündü. Bu səbəbdən gördüklərimin, düşündüklərimin, arzularımın işığında bütün varlığımla hiss etmişəm və əmin olmuşam ki, Qarabağda Böyük Qələbə olacaq və bu Böyük Qələbə yaxındadır! Özü də çox yaxında!!! Nədənsə həmişə düşünmüşəm biz Şuşada-Cıdır düzündə Qədim Romada keçildiyi kimi Triumf şəklində bayram keçirəcəyik. Şuşanın, Xankəndini alınması qələbəsi nədən Yuli Sezarın qələbələri ilə eyni tutulmasın? İnanıram ki, Azərbaycan bayrağı Şuşadan sonra, Xankəndində daha sonra Azadlıq Meydanında səmaya qaldırılacaq. Artıq 44 günə 5 şəhəri-Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını və Qarabağın incisi Şuşanı, 200-dən çox yaşayış məntəqəsini işğaldan azad edən şanlı ordumuzun bu Böyük qələbənin də gerçəkləşəcəyi gün çox da uzaq deyil.
Mən buna varlığım qədər inanıram. Axı, yuxarıda dediyim kimi: "Bütün yollar Qarabağa aparır."


Vaqif Orucov
AMEA Folklor İnstitutu,
“Türk Xalqları” şöbəsinin əməkdaşı
e-mail: [email protected]