Ana torpaq

Ana torpaq

Biz torpağı həmişə igidin ona güc verən anası kimi təsəvvür etmişik. Sözsüz ki, belə bir təfəkkür torpağın həm də ilkin başlanğıc olması inamı ilə bağlıdır, torpağı ilk ünsür kimi qəbul etməklə səsləşir. Torpaq insan yaşamının başlıca keçiş dönəmlərindən biri hesab olunan doğuluşa – yaradılışa səbəb olduğu üçün də müqəddəsdir. Azərbaycan türklərinin genetikasına, ruhuna çox uyğun gələn bu motivlər milli folklorumuzda dillərdən düşmür.Erməni işğalçılarınn təcavüzü nəticəsində 1993-cü ildə öz doğma torpağından – Cəbrayılın Karxulu kəndindən didərgin düşmüş T.Süleymanov danışdığı mətnlə torpağın bir canlı olduğuna inandığını söyləmişdir. Söyləyici fərqinə belə varmadan mifoloji baxımdan ən qədim motivlərdən biri hesab olunan ilk insanın torpaqdan (bir xışma torpaqdan) yaradılmasına dair gözəl bir nümunə söyləmişdir: “Allah bəndəni yaratmaq istəyirmiş. Onun özünün bir neçə mələyi varmış. O mələklərdən hansını göndəribsə, yerdən torpaq gətir, torpaq qışqırıb. Heç biri gətirə bilməyib. Torpaq vahimə çıxardıb ki, məni götürməyin, məni yaralamayın. Torpağın özü də bir canlıdır. Axırda, bir daha Allah-talanın əmri ilə yerə enən Əzrayıl Torpağın yenidən vahimə qaldırdığını, çığırıb-bağırdığını, “yox, mənə toxunma, məni yaralama” dediyini görüb. Ona bu sözləri deməyə macal tapıb: sənnən aparıramsa, sənə qayıdacaq. Ona görə də deyirlər ki, insan torpaqdan yaranıb, torpağa da qismət olacaq. Get indi yüzillik, minillik qəbri aç, gör orda bir şey qalıbmı? Torpaq olub, çıxıb gedib”. Cəbrayıllı həmyerlimz danışdığı mətni öz şirin ləhcəsilə belə tamamlayıb: “Onnan sora torpax rahatçılıx tapıf. Deyif ki, əgər maa qayıdacaxsa, olar”.Torpağı gücverən kimi təsəvvür edərək, onunla bağlılığını təzahür etdirən


qaçqın söyləyicinin 2012-ci ildə danışdığı bu mətndə işğal olunmuş torpağına qayıtmağa ümid bəsləməsi inamı da diqqətdən qaçmır. Məsələnin anlaşılan başqa yönü isə ondan ibarətdir ki, “əgər mənə qayıdacaqsa” deyərək, torpağın – yerin şərt kəsdiyini dilə gətirən söyləyicinin dediyi mətndə bədii poetik xüsusiyyətlərlə yanaşı, mifik düşüncə ilə bağlı da özəlliklər vardır. Bu düşüncələrə görə, ölüm son deyil, əksinə, Yerin – torpağın bətninə və deməli, yeni bir həyatın başlangıcına dönmə deməkdir. Yerin – Torpağın ana bətni rolunda çıxış etməsi əski etiqadlardan qaynaqlanır. Xalq inanclarında Yer – Torpaq bir məhsuldarlıq tanrısı olaraq qəbul olunmuş və kainatın qadın başlanğıcını təcəssüm etdirmişdir. Yer Ana doğulmanı, artmanı dəstəkləyərək həm də Torpağın obrazı rolunda görünməkdədir.


Xalqımızın dilində hər gün səsləşən Ana torpaq ifadəsi məsələnin mahiyyətinə yaxınlaşmış kimi görünür. Bildirdiyimz kimi, ilk insanların yaradılması Tanrı qüdrətinə baş vermişdirsə də, inancımıza görə, torpaq burada simvolik olaraq ana bətni rolunda çıxış etmişdir. Xalqımızın torpağa sonsuz bağlılığı bu səbəbdəndir.


Onda olan qeyri-adi məhsuldarlıq gücünü dərk etməsindən irəli gəlir. Tez-tez deyilən “torpaq kimi bərəkətli ol” atalar sözü eyni semantikanı əks etdirir. Başqa bir folkor mətninin məzmununa görə isə, Yer Cəbrayıldan Tanrının məhz torpaqdan insan yaratmaq fikrini öyrənincə demişdi: “məndən aldığın, bir ovuc torpaqdan yaratmaq istədiyin insan sabah üsyan edib günah işlər, cəzaya müstəhəq olarsa, cəhənnəmdən qurtaracağı olmaz. Amma mənim cəhənnəm odunda yanmağa taqətim yoxdu”. Azərbaycan türkləri üçün bəşəriyyətin ilkin rüşeymi hesab olunan torpağa qarşı üsyanı yox, ancaq məhəbbəti var və sonsuzdur. Torpağa əlahiddə sevgi və qayğı göstərən xalqımız onu ana qədər əziz tutmuşdur.Müqəddəs bilmişdir. “Göyün yeddi qatı var, birinci qatı torpaqdı; orda qara camaat yaşayır” deyən azərbaycanlılar torpağı kultlaşdırmışlar. Bu mifik kodlar onun hər bir nümayəndəsinə ötürülmüşdür. Adəm və Həvva motivinin qaynağının Bibliya hesab olunmasna baxmayaraq, Azərbaycan türklərinin folklorunda da torpaqdan yaranma özünəməxsus şəkildə əksini tapmışdır. Hətta mətnlərə, güman ki, islami qaynaqların təsirilə dini adlar əlavə olunsa da, torpaqla bağlı möcüzənin xarakteri dəyişilməmiş qalmışdır. El arasında deyilən “ərnən arvadın torpağı bir yerdən götürülüb” məsəli də Adəm və Həvva motivin detallarını xatırladır. “Torpaqdan yaranan torpağa dönəcək” ideyası xalqımızın gen yaddaşında yaşayır. Bu yaddaş bir ovucundan yarandığı, qoynunda bəsləndiyi, ulu babaların yadigar – əmanət qoyub getdikləri torpağın müqəddəsliyini unuda bilməz. Onun üçün torpaq Vətəndir, Anadır. Yəni Ana Vətəndir, Ana Torpaqdır. Yağı düşmənə təslim ediləcək pay deyildir. Bu səbəbdən onun uğrunda döyüşürlər.Yazda torpaq oyanar deyirik, bu oyanışın da mifik kökləri dirilmə, canlanma anlayışları ilə əlaqədardır. Bu payızımz yaz oldu; torpağımızın bətninə girib yeni bir həyatın başlanğıcında dayandıq. Canlanmaq üçün, dirilmək üçün, özünə qayıdış üçün yenidən doğulduq. Bu başlanğıcda Ana torpağımızı onun güc verdiyi igidlər dirçəltdi. Bir qarışından yarandığı torpağın hər qarışı üçün canını fəda etdi. Çox tezliklə düşmənin viran qoyduğu o torpaqlar gülüstana çevriləcəkdir. Övladlar onu əzizləməli, keşiyini çəkməli, qorumalıdır; çünki o, Anadır, Ana torpaqdır!

Xalidə Şaiqqızı Məmmədova
AMEA Foklor İnstitunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi