Əfsanəvi Qarabağ torpağı

Əfsanəvi Qarabağ torpağı

Elnarə Hüseynqızı (Əmirli)
Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi

Bu gün Azərbaycan şanlı bir tarix yaşayır. Bu şanlı tarixin içində olan hər kəs sözlə ifadə olunmayacaq qədər xoşbəxtdir. 30 ilə yaxındır ki, biz o doğma ata-baba torpaqlarımızın həsrətindəyik. 30 ildir ki, bu millət bir yandan şəhidini, bir yandan torpağını ağlayır. 30 ildir ki, içimizin nisgili üzümüzə yansıyıb, qocaldıb bizi. Cavanlıq görməmişik, uşaqlıqdan qocalığa adlamışıq desək, daha düzgün olar. Yeniyetməlik dövrümüzdə başlayan bu savaşda torpaqlarımızla birlikdə gəncliyimiz də işğal olunub, torpaq dərdi, ata-baba yurdunun gözəlliyinin, ağuşunun, havasının, suyunun həsrəti həyatımızı cəhənnəmə çevirib. Bütün bu ağır duyğularla yanaşı, ürəyimizin lap dərin laylarında ONA qovuşmaq ümidini heç vaxt tərk etməmişik. Elə bilmişik ki, o ümidi tərk etsək, sanki nəfəsimiz dayanacaq, sanki həyat bitəcək. Vətənin igid oğullarının al qanı ilə suvarılıb bu TORPAQ! Ümidimizi itirməyə nə haqqımız var idi ki? Şəhid analarının göz yaşı ilə islanıb bu torpaq! O yerlərdən əlimizi, könlümüzü üzməyə nə haqqımız var idi ki?...


Bu gün Azərbaycan şanlı tarix yaşayır. Biz də bu tarixin içindəyik. Buna görə də çox xoşbəxtəm. Həmişə fikirləşirdim ki, torpaqlarımızın işğaldan azad olun¬masını görsəm, ölsəm belə, dərdim olmaz. Həmin gün yetişib.
Bu gün Qarabağ övladları da bütün Azərbaycan kimi bu şanlı tarixin bir parçasıdır. 30 il bundan əvvəl hələ doğulmamış övladlarının yolunu gözləyir mundar düşmən çəkməsindən xilas olan YURDUMUZ. Xilas olan torpaqlarımıza qayıdacaq karvanın möhtəşəmliyini, zəfər yürüşünü xəyalımda canlandırdıqca ürəyim qürurla dolur, ifadə etməyə söz belə acizdir.


Bu gün QARABAĞIN hər daşı, hər qayası, düzü-düzəngahı, çayı, bulağı, ağacı, kolu övladlarını bağrına basmaq üçüb əllərini açıb gözləyir. Nisgilini övladlarını bağrına basaraq ovutmaq istəyir, qayğısının çəkilməsini istəyir. Verilən əzab¬ları unutmaq üçün isti qucaq istəyir. O qucağın istiliyini ancaq doğma bala¬sından hiss edə bilər ANA!


Bu gün QARABAĞ balaları nənə-babalarından eşitdiklərini gözləri ilə görmək istəyirlər. Böyüklərin dilindən düşməyən, əfsanə-rəvayətlərin dili ilə tanıdıqları o məkanları canlı görmək, havasını udmaq istəyirlər.
Bu gün QARABAĞ TORPAĞI özünü körpə balalarına böyüklərin sinəsində yatan sözlü ənənə ilə tanıdacaq. Həmin ənənənin bir parçası olan əfsanə və rəva¬yətlər həmin məkanlar, orada yaşamış əhali, onların adət-ənənələri haqqında zəngin bilgilər xəzinəsidir. Həmin şifahi xəzinə Yurd yerlərimizi, el obamızı yadırğamaya imkan vermir, verməyəcək də.


Qarabağ övladları qarabağlıların ülvi hisslərini, insani duyğularını, Allaha inamını, xeyirxah işlərini, ailəyə sadiqliyini, böyüyə, qohuma, qonşuya, qonağa hörmətini, insana, insanlığa verdiyi dəyəri həmin söz incilərindən öyrənəcək.
Qarabağ övladları doğma məkanlar haqqında onlara qaranlıq olan bütün suallara məhz bu əfsanə və rəvayətlər bağı ilə cavab tapacaqlar. Qarabağlılar Qarı təpəsi, Axtamar gölü, Əjdər güllənənən yer, Xatın arxı, Gavur arxı, Əli bulağı, Gəldim qayası, Maymaan çinarı, Xoçaz qayası kimi qədim məkanları bu söz ənənəsi ilə tanıyacaq.


Qarabağ övladları böyüklərindən hələ çox şeylər öyrənəcək: əri naxırda olan bir qadının yaxşı yeməyi, bol su içməyi özünə rəva bilməməsini, əgər bunları edərsə, günah işləmiş olduğunu düşünməsindən ailəyə sadiqliyi öyrənəcək Qarabağın övlad¬ları. Borcunu vermək üçün evini satmaq istəyən bir kişiyə qonşusunun dayaq durub borcunu ödəməsini eşidib qonşuya, qohuma sədaqəti öyrənəcək Qarabağın övladları. Bu yerlərdə ağlın vardan üstün hesab olunduğunu öyrənib ağlı, imkanı olanın, elmi olanın Allaha da xoş gəldiyinin şahidi olacaq Qarabağın övladları. Sevdiyi oğlana qovuşmadığına görə bir qızın özünü qayadan atıb öldürməsini: sevgiyə sadiqliyi, bu hadisəyə şahidlik edən Gəlin qayasını tanıyacaq, insanlara köməyə gələn Həzrət Əlinin əl izinin həkk olunduğu daşı-qayanı tanıyacaq Qarabağlı balalar.


Böyüklərimizdən vaxtilə bu yerlərdə yaşamış Sarı Aşıq, Aşıq Ələsgər, Aşıq Abbas, Aşıq Bəylər, Xan Şuşinskinin ədəbi irsini, Hacı Qasım Çələbi, Alı Çələbi, Yasin Çələbi, Seyid Həmzə Nigari, Mir Sədi Ağa, Mir Məhəmməd Ağa, Seyid Əmrah kimi övliyaların kəramətini öyrənəcək, Qaçaq Nəbi, Qaçaq Fətulla, Qara Məmməd, Qaçaq İldırım, Əlyanlı qaçaqlarının at oynatdığı dağı-qayanı gəzib dola¬şacaq Qarabağlı balalar. Fatma nənənin qarğışı ilə lal olan Arazdan, Həzrət Əlinin əl izindən qaynayan bulaqlardan su içəçək Qarabağlı balalar.


Böyüklərimizin sinəsində hələ neçə-neçə söz xəzinəsi yatır, bilən yoxdur. O məkanları, adət-ənənələri, dahi şəxsiyyətləri, həyat axarını yaşadan sözlü ənənə də bu gün onlarla birlikdə yurd yerinə qayıdacaq, yaşamağa davam edəcək. Böyük¬lərimiz həmin söz xəzinəsini övladlarımıza pay verdikcə yeni-yeni söz incilərini də yaratmış olacaqlar.


Qarabağın hər daşını, hər qayasını, hər düzünü qarış-qarış gəzib havasını udaraq həmin şifahi inciləri dinləmək arzusu ilə...